Vüsalə Rafiqqızı: “Zəlzələdən sonra xırda təkanların baş verməməsi təhlükəlidir” - MÜSAHİBƏ (SəsTV)
Bu həftə Zaqatalada baş verən zəlzələ ölkədaxili gündəmimizi xeyli məşğul edib. Müxtəlif dağıntılarla nəticələnən zəlzələ, eyni zamanda əhali arasında da qorxuya səbəb olmuşdu. Təkanların baş vermə səbəbi və bundan sonrakı gözləntilərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı məlumat verib. Səs TV-də yayımlanan "Həftəyə Baxış" verilişinin qonağı olan RSXM-nin əməkdaşı zəlzələ haqda bir sıra əsas məqamlara da toxunub.
- Mayın 7-də Zaqatalada baş verən zəlzələ gözlənilən idimi? Əvvəlcədən qeydə alınan təkanlar buna işarə vermirdi ki?
- Bütün dünyada olduğu kimi, Azərbaycan ərazisində də bir sıra seysmoaktiv zonalar var. Bu baxımdan ölkə ərazisində müəyyən zamanlarda belə təkanların baş verməsi gözləniləndir. Lakin Zaqataladakı zəlzələyə gəldikdə isə, biz yanvar ayının ortalarında Zaqatalada aktivliyin bir qədər artdığını müşahidə edirdik. Amma hansısa ərazidə aktivliyin artması yaxın zamanda zəlzələ baş verəcəyinə zəmin yaratmır. Elə sahələr var ki, aktivlik müşahidə ediləndən yüz il, min il sonra həmin ərazilərdə zəlzələlər baş verir. Zaqatalada aktivliklə yanaşı, yanvar ayında 3-4 bal gücündə təkanlar qeydə alınmışdı. Qeydə alınan bütün təkanlardan sonra isə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırırıq. Yəni xırda təkanlardan qorxmaq və ya təşvişə düşmək gərəksizdir. Lakin Zaqatalada aktivlik müşahidə olunandan sonra ən güclü təkan mayın 7-də baş verdi. Səhər saatlarında baş verən ilk zəlzələ 12 ballıq şkala üzrə 7 bal, Rixter şkalası üzrə 5,5 bal gücündə qeydə alındı. Həmin gün baş verən zəlzələ ölkənin şimal-qərb rayonlarında hiss olundu. İkinci təkan isə yenə səhər saatlarında lakin təxminən bir saat fərqlə 10:38 radələrində qeydə alındı. Təkanın gücü artıq azalmışdı. Belə ki, gün ərzində axşam saatlarına kimi 100-ə yaxın təkan qeydə alındı. Lakin təkanların gücü getdikcə azalırdı. Gün ərzində belə çox təkanların qeydə alınması isə tamamilə normal haldır. Çünki hiss olunan zəlzələdən sonra belə təkanlar zamanı qalan enerji bir növ boşalır. Axşam saatlarında isə Zaqatalada yenidən güclü təkan qeydə alındı. Rixter şkalası üzrə 5,7, 12 ballıq şkala üzrə 7,8 bal gücündə qeydə alınan təkandan sonra güclü dağıntılar baş verdi. Yaşayış və sosial obyektlərdə ciddi ziyanlar müşahidə edildi. Həmin təkanlardan sonra xırda təkanlar olsa da, mayın 10-da yenidən 4 bal gücündə baş verən zəlzələ Zaqatalada hiss olundu və bununla bağlı ictimaiyyətə məlumat verildi.
- Zəlzələ baş verən zaman insanları iki sual - bunun səbəbi və nə qədər davam edəcəyi düşündürür. Ümumiyyətlə, baş verəcək zəlzələ ilə bağlı əvvəlcədən proqnoz verilməsi nə dərəcədə mümkündür?
- İlk olaraq qeyd etmək istərdim ki, qısamüddətli zəlzələ proqnozuna elm hələ də nail ola bilməyib. Dünyada tez-tez zəlzələlər baş verməsi və aktiv seysmoloji xarakteri ilə seçilən ölkələr sırasında Yaponiyanın adı xüsusi qeyd olunur. Lakin bildiyimiz kimi, elm və texnikanın inkişafı ilə də xüsusi seçilən Yaponiyada belə qısamüddətli proqnozlar verilmir. Hansısa bölgədə müşahidə olunan aktivlik, bu gün, sabah və ya yaxın gələcəkdə baş verəcək zəlzələni təyin etmir. Bu sırf yerin daxilində baş verən təbii porosesdir. Güclü zəlzələdən sonra isə baş verən təkanlar heç kimi narahat etməməlidir. Əksinə zəlzələdən sonra xırda təkanların baş verməməsi daha təhlükəlidir. Çünki, əgər təkanlar baş verirsə, deməli zəlzələnin ocağı sönür və orada qalan bütün enerji xaric olunur. Eyni zamanda da, Zaqatalada da yeni xırda təkanların baş verməsi gözləniləndir. Biz mayın 7-dən etibarən rayon ərazisində 500-ə yaxın təkan qeydə almışıq, bunlardan 11-i hiss olunub.
- Respublika ərazisində hazırda seysmoloji aktiv zonalar hansılardır? Ümumiyyətlə, Zaqatala ilə bağlı gözləntiləriniz nələrdir?
- Son günlərdə şimal-qərb rayonlarında qeydə aldığımız təkanlar əsasən Zaqatalada baş verən təkanlardır. Lakin təbii ki, respublika ərazisində bir sıra aktivlikləri ilə seçilən bölgələr var ki, onları daima nəzarətdə saxlayırıq. Burada əsas məsələ ondan ibarətdir ki, əvvəllər bizim texniki imkanlarımız və avadanlıqlarımız yalnız hiss olunan zəlzələlər haqqında danışmağa imkan verirdi. Lakin Ulu öndər Heydər Əliyevin 2000-ci ildə baş verən zəlzələdən sonra Respublika Seysmoloji Xidmət Mərkəzinə göstərdiyi diqqət və qayğı nəticəsində, ölkəmizdə dünyanın ən müasir seysmik peyk vasitəsilə işləyən stansiyaları quraşdırılıb. 2008-ci ildə isə dövlət başçısı İlham Əliyev həmin stansiyaların genişləndirilməsi ilə bağlı göstəriş verdi. Bu stansiyalar yerin altında baş verən ən xırda təkanları da qeydə ala bilir. Bu baxımdan deyə bilərik ki, hər gün respublika ərazisində müxtəlif təkanlar qeydə alınır. Zaqatalada isə xüsusi makroseysmik müşahidələr davam etdirilir. Rayonun özündə və ətrafındakı seysmik şərait ciddi nəzarətdədir. Təbiətdə baş verən hadisələrə gücümüz çatmasa da, elmin müəyyən uğurlara imza atdığı da danılmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB