Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar mayın 10-da Böyük Britaniyadakı Azərbaycan səfirliyində tədbir keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin üzvü, Böyük Britaniyada səfərdə olan Sabir Rüstəmxanlı, Londonda fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri və səfirlik əməkdaşları iştirak ediblər.
Tədbir ümummilli liderin səfirlikdə yerləşən büstü önünə əklilin qoyulması və onun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İştirakçıları salamlayan səfir Fəxrəddin Qurbanov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətləri xatırladıb və məhz onun səyləri nəticəsində ölkənin son 20 il ərzində dünya ictimaiyyəti arasında öz layiqli yerini tutduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi problemlərin həllində, möhkəm iqtisadi inkişafın əsasının yaradılmasında və tarazlaşdırılmış xarici siyasət kursunun təyin edilməsində Heydər Əliyevin əvəzedilməz rolunu vurğulayan səfir onun tərəfindən əsası qoyulan inkişaf strategiyasının Azərbaycanı regionun lider ölkəsinə çevirdiyini bildirib.
Daha sonra çıxış edən xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlı Heydər Əliyevi dünyanın tanınmış siyasi xadimlərindən biri kimi səciyyələndirib və onun beynəlxalq aləmdəki səyləri nəticəsində Azərbaycan dövlətçiliyinin qorunub saxlandığını, bu gün Azərbaycanın beynəlxalq nüfuzunun get-gedə artdığını nəzərə çatdırıb. H.Əliyevin incəsənətə və ədəbiyyata qayğısını xatırladan S.Rüstəmxanlı vurğulayıb ki, gələcək nəsillər tərəfindən onun xatirəsi daim əziz tutulacaq.
Çıxışın ardınca Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, Londonda yaşayan gənc skripkaçı Nəzrin Rəşidovanın ifasında əsərlər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB