Aydın Hüseynov: “Ulu öndərin yeritdiyi siyasət gənclər üçün parlaq gələcəyin təmin olunmasına zəmin yaratdı”-MÜSAHİBƏ (Səs TV)

Aydın Hüseynov: “Ulu öndərin yeritdiyi siyasət gənclər üçün parlaq gələcəyin təmin olunmasına zəmin yaratdı”-MÜSAHİBƏ (Səs TV)

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov ümummilli lider, ulu öndər Heydər Əliyevin şəxsiyyəti və həyat fəaliyyəti ilə bağlı suallarımızı cavablandırıb.

- Aydın müəllim, ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik ənənələrinin qurulmasında rolu haqda nə deyə bilərsiniz?

-Ulu öndər Heydər Əliyev həyatını bütünlüklə Azərbaycan dövlətinin müstəqilliyinə və xalqımızın gələcəyinə həsr etmişdi. Ulu öndərin fəaliyyəti 3 əsas mərhələdən ibarətdir. 1969-cu ilə kimi Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, 1969-1987 ci illərdə Azərbaycana rəhbərlik etdiyi və sonradan SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışdığı dövr və son olaraq 1992-ci ildən sonrakı dövr. Dövlət Təhlükəsizlik Komitəsində çalışan ulu öndər general adını qazanmışdı. O dövrdən sonra ulu öndər digər sahələrdə bütün fəaliyyətini dayandırsa belə, Azərbaycan tarixində bir general kimi hər zaman ehtiramla yad ediləcəkdi. Çünki Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyəti zamanı ulu öndər öz xalqı üçün ciddi əhəmiyyəti olan işlər görmüşdü. Bu özünü daha sonrakı illərdə də açıq-aşkar göstərirdi. SSRİ dövründə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr isə milli dövlətçiliyin başlanğıcı kimi qiymətləndirilir. Çünki ulu öndər həmin dövrdə Azərbaycanda milli dövlətçilik ənənələrinin əsaslarını yaratdı. Azərbaycan dilinin dövlət dili elan olunması, milli kadrların yüksək səviyyədə təmsil olunması üçün şəraitin yaradılması, ölkəmizin aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilməsi də ulu öndərin SSRİ dövründəki xidmətlərinin təcəssümüdür. Onu da qeyd edək ki, həmin dövrdə Heydər Əliyev bütün idarəçilik və dövlətçilik təcrübəsini Azərbaycan xalqının bu gününə hesablanmışdı. Yəni o dövrdə atılan bütün addımlar xalqımızın bugünkü yaşantısının və müstəqilliyinin təməl prinsiplərini təşkil edirdi. 1993-ci ildə ulu öndərin yenidən hakimiyyətə qayıdışı isə tamamilə fərqli bir tarixi hadisədir.

- O dövrdə ulu öndərimizin ətrafında gənclər daha çox toplaşmışdılar. Siz də həmin dövrün gənclərindən biri olaraq bunun səbəbini necə aydınlaşdırardınız?

-Bəli, bu əslində çox maraqlı məqamdır. 1993-cü il Azərbaycan tarixində çox gərgin bir dövr kimi yadda qalıb. O dövrdə həm ağır iqtisadi şərait, həm də güclü siyasi böhran baş vermişdi. O dövrdə obyektiv səbəblərlə yanaşı, bir sıra subyektiv səbəblər də ölkədə xaos yaranmasına səbəb olmuşdu. Gənclər isə bütün hadisələrin ən real şahidləri idilər. Ona görə də gənclərin iştirakı və düşüncələri çoxları üçün əhəmiyyət kəsb etdiyindən onları öz maraqlarına cəlb etməyə çalışırdılar. Ölkədə bu gərginliyi yaradanlar yeritdikləri siyasətlə bütün gənclərin müstəqillik uğrunda mübarizə əzmini öldürmüşdülər. Artıq gənclər elə bir sarsıntı içərisində idilər ki, onlarda dövlətin gələcəyinə heç bir inam hissi qalmamışdı. SSRİ-nin dağılması ilə əlaqədar digər ölkələrlə iqtisadi əlaqələrin kəsilməsi işsizlik problemini xeyli qloballaşdırmışdı. Yəni bir tərəfdən gənclərin ciddi işsizlik problemi göz önündə idi, digər tərəfdən bu proseslərdə iştirak etməklə onlara təmin olunan gələcək xəyalları boşa çıxmışdı. Yəni artıq gənclər heç bir parlaq gələcəyin olmadığını, onlardan sadəcə xüsusi maraqlar üçün istifadə olunduğunu anlayırdılar. Artıq bütün xalq kimi, gənclər də özlərinə ümid yeri axtarırdılar. Həmin vaxt gənclər ulu öndərə üz tutdular. 1993-cü ildə Heydər Əliyev hələ prezident olmamışdan qabaq Yeni Azərbaycan Partiyasının fəalları ilə birgə görüş keçirdi. Həmin görüşün iştirakçılarının çoxu gənclər idi. Ulu öndər yaşlıların onu tanıdığını bilirdi, lakin gənclərin öz ətrafında birləşməsinin səbəbini soruşduqda bütün gənclər bunu ulu öndərə olan inamları ilə əlaqələndirmişdilər. Yəni o dövrdə gənclərin tək ümid yeri ulu öndər idi. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra isə bu inam özünü birmənalı surətdə doğrultmuşdu. Gənclər ulu öndərin onların arzuları uğrunda çalışdığını və onların parlaq gələcəklərinin qurulması istiqamətində lazımi şəraiti yaratmaq üçün çalışdığını gördülər. Ulu öndərin yeritdiyi siyasət gəncləri gərgin psixoloji vəziyyətdən azad edərək onların bu günlər üçün parlaq gələcəklərinin təmin olunmasına zəmin yaratdı.

- Ümummilli liderimizin siyasi kursunun və dövlətçilik ənənələrinin davam etdirilməsi ilə bağlı hansı fikirləri söyləmək olar?

-Ulu öndərimizin Azərbaycan xalqı üçün ən böyük töfhələrindən biri məhz müstəqil dövlətimizi yaratmaqla belə, bu müstəqilliyi qoruyub saxlamağa layiq və qadir olan bir şəxsi xalqımıza təqdim etməsi oldu. Bəli, söhbət ölkə prezidenti İlham Əliyevdən gedir. Ulu öndər siyasətini dərindən öyrənmiş dövlət başçımız, onun diplomtik xarakterlərini, idarəçilik sisteminin xüsusiyyətlərini bütünlüklə mənimsədiyinə görə bu siyasi kursu uğurla həyata keçirir. Əsası ulu öndərimiz tərəfindən qoyulmuş iqtisadi, siyasi inkişaf xətti getdikcə müasirləşdirilir və zənginləşdirilir. Bu isə bir daha ulu öndərimizin yaratdığı müstəqil dövlətin etibarlı əllərdə olduğunun göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə