Abşeronda “Azərbaycan Təbiət Aləmi” ekoloji parkı salınır

Abşeronda “Azərbaycan Təbiət Aləmi” ekoloji parkı salınır

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda salınması nəzərdə tutulan yeni ekoloji parkın layihəsinin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimatda nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, yeni zooloji parkda 224 növdə 1518 heyvan yerləşdiriləcək.


O qeyd edib ki, heyvanlar qitələrə məxsus landşaftlarda yerləşdiriləcək, parkda hər ölkəyə uyğun təbii şərait yaradılacaq. Onun sözlərinə görə, yeni zooloji park "Azərbaycan Təbiət Aləmi" adlanacaq: "Azərbaycanda salınacaq zooloji park bir çox dünyadakı məhşur parklardan yaxşı mənada fərqlənəcək".

Zooloji parkın salınmasının layihə dizayn işlərini Türkiyə-Almaniya birgə müəssisəsi olan "Ekodenge" şirkəti həyata keçirir. Tövsiyəçi kimi Hollandiyadan mütəxəssis də cəlb olunub. H.Əlizadə deyib ki, parkda istər heyvanların saxlanması, onlara qulluq edilməsi, istərsə də çirkab məhsulların utilizasiyası tam müasir standartlara uyğun hazırlanacaq. "Layihəyə görə, zooloji parkın ərazisi 55 hektar təşkil edəcək: "Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulsa da sonradan həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif olunub". Daha sonra şirkətin nümayəndəsi, layihənin dizayn rəhbəri Yavuz Yöntəm layihə barədə məlumat verib. O qeyd edib ki, layihənin tam təfsilatı www.azerzoo.com saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə