Ümummilli lideri Heydər Əliyevin doğum günü ilə bağlı Buxarest şəhərində anım tədbiri keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində anım tədbiri keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Buxarestdəki Tey Parkı - Heydər Əliyev xiyabanına toplaşıblar. Tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə Beynəlxalq Fond, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyi və bütövlükdə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılarla yanaşı, Türkiyə, Qazaxıstan və Türkmənistanın Rumıniyadakı səfirliklərinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən Türk İş Adamları Dərnəyi, rumın, tatar və türk ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən səfirliyinin nümayəndəsi müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi cəmiyyətin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edib və bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyin direktoru Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi dahi siyasi şəxsiyyət olduğunu, hələ SSRİ dövründə ölkəmizə rəhbərliyi zamanı öz uzaqgörənliyi ilə doğma Vətəni və xalqının rifahı üçün misilsiz xidmətlər göstərdiyini bildirib.

Çıxışlardan sonra ümummilli liderin büstünün önünə əklillər və tər çiçəklər qoyulub, ulu öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiram ifadə edilib.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin inzibati binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olub, Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər.

Qeyd edək ki, eyni məzmunlu anım tədbiri Sarayevo şəhərində azərbaycanlı icması və yerlilərin iştirakı ilə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə