Böyük Vətən Müharibəsi canlı şahidlərin yaddaşında

Böyük Vətən Müharibəsi canlı şahidlərin yaddaşında

1941-ci il iyunun 22-də gələn dəhşətli xəbər damarlarda qanı dondurdu: müharibə! Bu xəbər hərəni bir yerdə yaxaladı - kimini məktəbdə, kimini dəzgah arxasında, kimini də iş başında. Müharibə hər kəsi bir yaşda imtahana çəkdi-kimini ahıl, kimini yeniyetmə yaşında, kiminin də gənclik həvəsi dolub-daşanda...

Müharibə öz dəhşətləri ilə yaddaşlara iz salır, odlu-alovlu, qanlı-qadalı hadisələrlə tarixə yazılır. Müharibə elə bir dəhşətli bəladır ki, dəyişməz qanunları ilə ya öldürməli, ya da ölməlisən! Onun içərisində olan adam ya yaralanmalı, ya da canını qurban verməlidir... 1941-45-ci illər müharibəsini kimi Böyük Vətən müharibəsi, kimi də İkinci Dünya müharibəsi adlandırır. Əlbəttə, bunların hər ikisi düzdür. Sovet İttifaqı üçün bu savaş doğrudan da, Vətən müharibəsi idi. Çünki bu misli görünməmiş müharibədə sovet dövlətinin qalıb-qalmaması məsələsi həll olunurdu. O biri tərəfdən, 68 ölkənin iştirakı bu qanlı davaya Dünya müharibəsi deməyə əsas verir.

Bu gün isə artıq həmin qanlı-qadalı illərdən 67 il ötür. İndi nə zaman o zamandır, nə də dünya o dünyadır. Dəyişməyən bir şey varsa, o da Böyük Vətən Müharibəsi iştirakçılarının bu tarixlə bağlı xatirələridir.

Sosialist əməyi qəhrəmanı Ömər Ağayev deyir ki, arxa cəbhədə olsalar da çox çətin günlər yaşayıblar. Azərbaycandan 660 min insanın Böyük Vətən müharibəsində iştirak etdiyini deyən Ömər Ağayev bildirir ki, onlardan 300 mini qayıdıb: "O günlər getsin-gəlməsin. 170 mini müharibədə həlak olub. Hazırda həmin müharibədən qayıdan insanlardan çox az say qalıb. Həmin dövrdə elə bir insan olmayıb ki, onun atası, anası və ya hansısa yaxınları müharibədə iştirak etməsin. Həmin dövrdə 50 milyon insan müharibədə həlak olub.

Müharibə iştirakçısı Adilə Ağakişiyeva isə müharibə zamanı Ukrayna, Belarus, Şimali Qafqazda olduğunu deyir. Müharibədə tibb bacısı işlədiyini deyən canlı şahid müharibə dövründə çox yaralıların, həlak olanların olduğunu söylədi. O, 1942-ci ilin iyun ayından müharibə qurtarana kimi bu dəhşətlərə şahidlik etdiyini vurğuladı: "Çox ağır günlərimiz olub. Hətta elə olub ki, günlərlə əməliyyat stulunun arxasından dura bilməmişəm. Günlərlə ac, suzu olmuşam. Təkcə qələbə gününü gözləyirdik. İstəyirdik ki, Vətənimizi azad edək. 1945-ci ili mayın 2-də müharibə qurtardı və biz qələbə qazandığımızı sevincini yaşayırdıq".

Məhərrəm Maqsudov 1944-cu ildən onların əsgərliyə aparıldığını söylədi. O, həmin ərazidə çox ağır günlər və çətin vəziyyətlə üzləşdiyini dedi: "İlk öncə bizi Mazdoka kimi apardılar, amma müharibə olan əraziyə aparmadılar. Sonra əmr gəldi ki, mühafizəyə gələnləri Biləcəriyə qaytarılsın. Sonra bizi rayonlar üzrə bölüşdürdülər. Getdik ki, mədənlərdə işləyənlərin hamısı qadınlardır. Kişilər hamısı müharibədə idi. 1944-cü ildən başlayaraq 12 saat işləyirdik. Gecəmiz-gündüzümüz yox idi. Bizə 1kq 200 qr çörək verirdilər. Bu çörəyi ancaq səhər yeyib gedirdik, axşam gələndə isə ac olurduq. O vaxtın pulu ilə sarı otuzluq verir bir parça jımıx alıb onu yeyirdik. Amma onunla belə gecə-gündüz çalışdıq, neft göndərdik. Nəticədə Azərbaycan nefti qalib gəldi".

Əliəşrəf Məhərrəmov isə vurğuladı ki, 18 yaşında Gürcüstana apardıqlarını qeyd edib. Orada 3 gün hazırlanandan sonra Almaniyaya göndəriliblər: "Gecənin bir vaxtı arxa vaqonlardan bombaladırlar. 1-2 nəfərdə öldü, bəziləri yaralandı. Berlində, alovu necə yandırarsan, şəhər elə idi. Müharibə haqda az bildiyimizdən, dünyagörüşümüzün olmamasından dəhşətə gəlmişdik. Axı heç zaman bərkə-boşa düşməmişdik, müharibə, tank-top görməmişdik. Gecə ilə silahlarımız payladırlar. Berlində müharibə qurtarana qədər salamat qala bildik. Müharibə qurtarandan sonra Çexislovakiyada bir az qarışıqlı düşdü. Oradan bizi piyada gətiriblər. Gecə-gündüz bilmirdik, ayaqlarımız qabar tuturdu. Texnika az, ərzaq isə yox idi. Bir sözlə orada çox çətin günlər yaşamışıq".

Böyük Vətən Müharibəsi qəhrəmanları bu gün müharibə şəraitində yaşayan Azərbaycanın gənclərinə səslənməyi də unutmadılar. Onlar bugünki gəncləri bir-birinə hörmət etməyə, can deyib-can eşitməyə çağırıblar. Onların fikrincə, insanlar arasında birlik, inam olduğu halda Qarabağı da almaq daha rahat olar.

Qeyd edək ki, müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib, az bir müddət ərzində respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 minə yaxın igid oğlu və qızı cəbhəyə yollanıb və Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçiblər. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsinə, 170 min nəfəri SSRİ-nin müxtəlif orden və medallarına layiq görülüb. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. O zaman bütün sovet neftinin 75 faizi Azərbaycanda istehsal olunub. Bu, tarixi bir həqiqətdir ki, Bakı nefti alman faşizmi üzərində qələbənin əsas amillərindən biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə