Daşkəsəndə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib - FOTO
Daşkəsən rayonunda 9 May - Alman faşizmi üzərində qələbənin 67-ci ildönümü ilə bağlı müharibə veteranları ilə görüş keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağsaqqallar, ziyalılar öncə rayonun mərkzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev çıxış edərək veteranları ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü və 9 May Alman faşizmi üzərində qələbə münasibətilə təbrik edib, faşizm üzərində tarixi qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi daşkəsənlilərin də payı olduğunu bildirib, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsinin, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib.
Daha sonra natiq ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb. O, bildirib ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi mayor Qulu Əsədov bildirib ki, bu müharibədə Azərbaycandan 660 min nəfər iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışıb, respublikamızda, o cümlədən Daşkəsən rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirib, gənc nəslə ağsaqqal məsləhətlərini verib, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
Müharibə xatirələri və maraqlı söhbətlərlə davam edən tədbirin sonunda rayonumuzda yaşayan 12 nəfər Böyük Vətən müharibəsi veteranına maddi yardımlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB