Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri təqdim olundu-FOTO
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Vətən müharibəsi əlilləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, ölkədə müharibə veteranlarına diqqət və qayğının əsası hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimizin ilk illərində isə müharibə veteranları diqqətdən kənarda qalıb, hətta 9 May - Qələbə gününün qeyd olunması unudulub. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra 9 May - Qələbə günü dövlət bayramları sırasına daxil edilib, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılıb.
Bu gün prezident İlham Əliyev tərəfindən bu diqqət və qayğı yüksələn xətlə davam etdirilir. Bunun daha bir ifadəsi kimi, dövlət başçısının 30 aprel 2012-ci il tarixli "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə" Sərəncamına əsasən, həmin kateqoriyalardan olan vətəndaşlara birdəfəlik maddi yardımlar verilib.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 aprel 2012-ci il tarixədək 695 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, 45 nəfər isə mənzillə təmin edilib. Bununla yanaşı, Böyük Vətən müharibəsi əlilləri Azərbaycan Respublikası Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.
Görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına 20 ədəd "Liffan" markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB