“Akkord” korporasiyası “Qələbə meydanı”nda yol hissəsini istifadəyə verib
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin "Gənclik" metrostansiyasının yaxınlığındakı "Qələbə meydanı"nda yerinə yetirdiyi layihə çərçivəsində F.Xoyski küçəsini N.Yusifbəyli küçəsi ilə birləşdirən yol hissəsi tamamlanaraq istifadəyə verilib.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, uzunluğu 800 metr olan yol ərazidə inşa edilən 1, 1a, 2 və 3 nömrəli tunellərin üstündən keçir və gediş-gəlişin sıx olduğu bu ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün böyük əhəmiyyət daşıyır.
Ərazidə layihə üzrə işlər tam sürətlə davam etdirilir.
"Akkord" korporasiyası Nəqliyyat Nazirliyinin Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər çərçivəsində "Gənclik" metrostansiyasının ətrafındakı "Qələbə meydanı" və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını həyata keçirir.
Layihə ərazidə 6 tunelin, 10 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, "Gənclik" metrostansiyasında əlavə iki yeni çıxışın inşası planlaşdırılıb. İlk olaraq "Gənclik" metrostansiyasının Atatürk prospektinə çıxan girişinin "Qələbə meydanı"nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və istifadəyə verilib.
Plana əsasən, "Akkord" korporasiyası tərəfindən ilk olaraq ərazidə mövcud olan çoxsaylı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri başa çatmalı, sonra 1, 1a,2 və 3 nömrəli tunellərin tikintisi, bundan sonra isə, ardıcıl olaraq 3a və 6 nömrəli tunellərin inşası həyata keçirilməlidir.
Artıq nəzərdə tutulan işlərin ilkin mərhələsi yekunlaşıb və tunellərin tikintisi üzrə işlər davam etdirilir. Ərazidə işlərin aparılması üçün "Akkord" korporasiyasının müvafiq mütəxəssislər qrupu, 300-ə yaxın işçi qüvvəsi və 40-a yaxın xüsusi texnikası səfərbər olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB