Şuşasız keçən 20 ili daşkəsənlilər ürək ağrısı ilə qeyd etdilər - FOTO
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Daşkəsən rayonunda da silsilə tədbirlər həyata keçirilib. SİA-ya verilən məlumata görə, rayonun bütün idarə, müəssisə və təşkilatlarında, mədəniyyət müəssisələrində, ümumtəhsil məktəblərində xatirə gücələri, foto və rəsm sərgiləri, dəyirmi masalar, konfranslar keçirilib, bəzi mədəni-maarif müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı dağıdılmış maddi-mədəniyyət nümunələrin hazırkı və işğalaqədərki vəziyyətini əks etdirən video görüntülər nümayiş olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən imzalanmış sərəncamın tələblərindən irəli gələn tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər ümumtəhsil məktəblərində və mədəni-maarif müəssisələrində ilboyu davam etdiriləcək.
Rayon ictimaiyyəti may ayının 8-də Ermənistan silahlı qüvvələrinə nifrət və qəzəb hissi ilə Şəhidlər Xiyabanını ziyarət edib, şəhid qəbirləri üzərinə tər çiçəklər düzüblər.Ümumrayon tədbiri ictimaiyyət nümayəndələrinin iştirakı ilə İcra Hakimiyyətinin inzibati binasında dəyirmi masa ilə davam etdirilib. Dəyirmi masada Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev bildirib ki, Şuşa əzəli və əbədi, qədim Azərbaycan torpağı olubdur. Bu kədərli gündə Şuşanın tarixini vərəqləmək yerinə düşərdi.
Natiq çıxışında Şuşanın təbiəti, təmiz havası vaxtilə bu ərazinin kurort şəhəri kimi keçmiş İttifaq miqyasında tanınmasından ürək ağrısı ilə danışaraq bildirib ki, Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən bu mənzərəli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı Turşsu deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu.
Daha sonra İcra Hakimiyyəti Başçısının müavini dəyirmi masa iştirakçılarının diqqətinə bu ərazidə böyüyüb boya-başa çatmış Azərbaycanın ictimai-siyasi həyatında böyük uğurlar qazanmış görkəmli şəxsiyyətlər barədə məlumat verib.
Hazırda Şuşa rayonunun 30 min 119 nəfər əhalisi Azərbaycanın 55 rayonunda muvəqqəti məskunlaşıb.
Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirib ki, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".
Biz inanırıq ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımız olan Dağlıq Qarabağa və Azərbaycanın müsiqi beşiyi sayılan Şuşamıza qayıdacağıq. Müstəqil Azərbaycanımızın bayrağı həmin ərazilərdə dalğalanacaqdır.O gün uzaqda deyil. Bir hər birimiz öz əməli işlərimizlə o günlərə yaxınlaşırıq.
Dəyirmi masada Rayon Təhsil şöbəsinin metodisti Tofiq Qənbərov, Rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Şurasının sədri Elman Məmmədov, Daşkəsən RİHB-nın Daşkəsən şəhər inzibati ərazi üzrə nümayəndəsi Nüsrət Vəliyev Şuşa ilə bağlı ürək sözlərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB