Ombudsman Türkiyədə beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşı Zaur Vəliməmmədli Türkiyənin Samsun şəhərində keçirilən "Hüquq elminin aktual problemlərinə dair" elmi-praktiki konfransda iştirak edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Ondokuz Mayıs Universiteti, Bakı Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən təşkil olunan və hər iki ölkənin tanınmış hüquq alimlərinin iştirak etdiyi bu konfransda konstitusiya hüququ, dövlət və hüquq nəzəriyyəsi, cinayət hüququ, beynəlxalq hüquq, mülki hüquq və insan hüquqları ilə bağlı aktual problemlər müzakirə edilmiş və bu problemlərin həlli istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Konfransın açılış mərasimində çıxışı zamanı müvəkkil belə mühüm bir tədbirin Türkiyə və Azərbaycanın təhsil və elm ocaqları olan universitetlərin təşəbbüsü ilə keçirildiyini və hüquq elminə böyük töhfə verdiyini, eyni zamanda iki qardaş ölkə arasında bu sahədə faydalı əməkdaşlığa münbit zəmin yaratdığını vurğulayıb. Müvəkkil eyni zamanda, ölkələr arasında hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. E.Süleymanova iştirak etdiyi xüsusi sessiyada "Hüquq təhsilində və hüquqi maarifləndirmədə Ombudsmanın rolu" mövzusunda çıxış edib. O, Azərbaycan Ombudsman təsisatının yaranma tarixi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu barədə ətraflı məlumat verib, Müvəkkilin hüquqi maarifləndirmə sahəsində fəaliyyətini diqqətə çatdırıb.

E.Süleymanova iştirakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, bu münaqişə nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlının hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu vurğulayıb. Qeyd olunub ki, xalqların, bütün tərəqqipərvər bəşəriyyətin, sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırkı dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir. Azərbaycanın zəbt edilmiş ərazilərinin işğaldan azad edilməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd yerlərinə qayıtması, fundamental insan hüquqlarının bərpası ilə bağlı Ombudsmanın dəfələrlə nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatlar verdiyi diqqətə çatdırılıb.

Ombudsman Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri davam edən təcavüzünə son qoyulması məqsədi ilə hər iki ölkənin alimlərinin bu məsələni beynəlxalq hüquq müstəvisinə çıxarmasının əhəmiyyətini önə çəkib. Müvəkkilin çıxışları dinləyicilər tərəfindən maraqla qarşılanıb. Universitet tələbələri Müvəkkilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, habelə Türkiyədə də yaradılması gözlənilən Ombudsman təsisatının mandatı və funksiyaları, ölkəyə gətirəcəyi yeniliklərlə bağlı suallar ünvanlayıblar.

Tədbirin sonunda məruzəçilərə sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə