ATİ-də ümummilli liderin 89-cu ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib

ATİ-də ümummilli liderin 89-cu ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib

Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, konfransı giriş sözü ilə ATİ-nin Tədris işləri üzrə prorektoru Eldar Aslanov açaraq bildirib ki, hər birimizin tarixi taleyində zaman-zaman haqlı qeyd olunan unudulmayan aylar, günlər, tarixi hadisələr var.

"Mayın 10-u böyük fenomen və siyasətçi, müasir Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin doğum günüdür. Bu gün təkcə respublikamızın hər yerində deyil, hətta dünyanın müxtəlif ölkələrində böyük ehtiramla qeyd olunur. Heydər Əliyev öz fəaliyyəti dövründə bir sıra uğurlu islahatlara imza atıb, xüsusilə elmə və təhsilə böyük qayğı göstərib. Hələ sovet dönəmində minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına xüsusi diqqət verib. Hakimiyyətə qayıdışının ikinci dönəmində Azərbaycan xalqını bəlalardan qoruyub, məhvolma təhlükəsindən xilas edib. Bugün müstəqil Azərbaycanımızın dünya dövlətləri sırasında önəmli yer tutmasında böyük insanın xidmətləri misilsizdir", deyə prorektor bildirib.

Elmi-praktik konfransda ATİ-nin müəllimlərindən Vidadi Rzayev "Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısıdır", Vüsalə Məmmədova "Heydər Əliyevin Azərbaycan mədəniyyətinin yüksəlişində xidmətləri", Qüdsiyyət Ağayeva "Heydər Əliyev və Azərbaycanda tibbin inkişafı" mövzusunda məruzə ediblər. Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən elmi-praktik konfransda dəvətlilərdən millət vəkili Qüdrət Həsənquliyev və Sosialist Əməyi Qəhrəmanı, sabiq millət vəkili Tərlan Musayeva ulu öndər haqqında xatirələrini danışıblar. Elmi-praktik konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri, professor Həbib Zərbəliyev və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə