Akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş simpozium öz işinə başlayıb - FOTO

Akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş simpozium öz işinə başlayıb - FOTO

AMEA Rəyasət Heyətinin və AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi simpozium öz işinə başlayıb. Tədbir iştirakçıları ilk olaraq Fəxri Xiyabanda akademik Ziya Bünyadovun məzarını ziyarət ediblər.

Simpozium öz işinə AMEA Rəyasət Heyətinin binasının Akt zalında plenar iclasla başlayıb. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik Mahmud Kərimov açıb. M.Kərimov Azərbaycanda şərqşünaslıq məktəbinin yaradılması və inkişafından söz açaraq, bu işdə akademik Ziya Bünyadovun böyük rolunun olduğunu qeyd edib: "Akademik Ziya Bünyadov Azərbaycan şərqşünaslıq məktəbinin əsasını qoyanlar sırasında olub. Onun "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan Atabəylər dövləti", "Xarəzmşahlar-Anuştəkinlər dövləti" və digər fundamental əsərləri tək Azərbaycanda və keçmiş sovetlər birliyində deyil, bütün dünyada tarix elminin klassik nümunələri olub".

Akademik Ziya Bünyadovun elmi fəaliyyətindən geniş söhbət açan M.Kərimov onun azərbaycanşünaslıq elminə böyük töhfələr verdiyini qeyd etdi.

Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutunun direktor müavini, professor Stanislav Prozorov təmsil etdiyi institutunun rəhbərliyi və kollektivi adından simpoziuma ünvanlanan məktubu oxudu.

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva "Akademik Ziya Bünyadovun həyat və yaradıcılıq yolu" mövzusunda məruzə edib. Məruzəçi Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi, akademik Ziya Musa oğlu Bünyadovun həyat və yaradıcılığının parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirdiyini vurğuladı: "O öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınmış, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb".

Böyük insan, böyük şəxsiyyət və böyük alimin müharibə illərində göstərdiyi şücaətlərdən söz açan G.Baxşəldiyeva, daha sonra Z.Bünyadovun elmdə ilk addımlarından danışıb: "Tələbəlik illərində müəllimi olmuş görkəmli sovet ərəbşünası, professor Y.A.Belyayevlə yaxınlıq Ziya Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas və mediyevist kimi formalaşmasında həlledici rol oynayıb. 1954-cü ildə Y.A.Belyayevin rəhbərlik etdiyi kafedrada Z.Bünyadov ilk tədqiqat işi olan "Afrikada İtaliya imperializmi" adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib".

G.Baxşəliyeva akademik Ziya Bünyadovun elmi elmi yaradıcılığının iki istiqamətdə inkişaf etdiyini söyləyib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.

Akademik Ziya Bünyadovun çoxşaxəli elmi yaradıcılığından danışan G.Baxşəliyeva, şərqşünaslıq, azərbaycanşünaslıq elmində qoyduğu zəngin elmi irsin ona bütün dünyada böyük şöhrət qazandırdığını qeyd edib.

Özbəkistan EA-nın vitse-prezidenti professor Bəhram Əbdühəlimov öz məruzəsində akademik Ziya Bünyadovun Mərkəzi Asiya tarixinin öyrənilməsinə töhfəsindən söz açıb. Gürcüstan MEA-nın elmi katibi, professor Medea Abaşidze akademik Ziya Bünyadovun tərсümeyi-halını ibrət nümunəsi kimi təqdim edib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik etdiyi idarənin fəaliyyətində akademik Ziya Bünyadovun rolundan, onun akademik Vasim Məmmədəliyevlə birgə Qurani-Kərimi Azərbaycan dilinə tərcüməsindən danışıb.

Tədbir iştirakçılarına akademik Ziya Bünyadova həsr olunmuş film nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, simpozium öz işini mayın 8-də Azərbaycan Tarix muzeyində keçiriləcək bölmə iclasları ilə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə