“Darülmöminin” kitabı Salyanda təqdim olunub - FOTO

Salyanda tanınmış yazıçı-publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turanın "Darülmöminin" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitabın təqdimat mərasimində iştirak etmək üçün Salyana gələn millət vəkilləri, Azərbaycanın və Türkiyənin tanınmış elm-sənət xadimləri, habelə Salyan və Neftçala ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummili lider Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidənin önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra Əli bəy Hüseynzadənin heykəli ziyarət olunub.

Təqdimat mərasimini giriş sözü ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açıb. Salyanın qədim tarixini əks etdirən belə dəyərli bir əsərin nəşrini bütün oxucular, xüsusən barəsində söhbət gedən bölgənin gəncləri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Təqdimat mərasimini aparan və "Darülmöminin" kitabının rəyçisi olan millət vəkili Qənirə Paşayeva Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Salyanın, ümumiyyətlə Muğanın tarixinin öyrənilməsi baxımından bu əsərin ciddi bir qaynaq olduğunu söyləib.

Təqdimat mərasimində çıxış edən millət vəkili Əliağa Hüseynov ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti cənab İlham Əliyevin Salyana xüsusi diqqətindən danışıb. Son illər Salyanda aşkarlanan qədim yaşayış məskənlərinin 3000 illik bir keçmişə malik olduğunu xatırladıb.

Təqdimat mərasimində iştirak edən xalq şairi Zəlimxan Yaqub çıxışı zamanı bildirib: "Salyanı Salur eli olaraq təsbit edən "Darülmöminin" hər bir azərbaycanlının stolüstü kitabı olmağa layiq bir kitabdır". Tibb elmləri doktoru, professor Rahim Hüseynov qeyd edib ki, tarixini yaşadanı indiki nəsil də, gələcək nəsil yaşadacaqdır.

Türkiyədən gələn qonaqlar Ege Universitetinin professoru Yavuz Akpınar, tanınmış şair və professor Nurullah Gənc ümumtürk tarixinin öyrənilməsi baxımından bu cür kitabların yazılmasının, təbliğinin vacibliyindən danışıblar.

Çıxış edən digər natiqlər- şair Məmməd Aslan, filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, "Azərbaycan" junalının baş redaktoru İntiqam Qasımzadə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Neftçalada yaşayan görkəmli alim və müəllim, Prezidentin fərdi təqaüdçüsü İmamverdi Əbilov və başqaları "Darülmöminin" kitabını Muğanın ensiklopediyası, tarixi şüura və milli yaddaşa qayıdışın kitabı kimi dəyərləndiriblər.

Təqdimat mərasimində çıxış edən Aida Behbudova Şeyxülislam Əbdüssalam Axundzadənin övladları adından ürək sözlərini söyləyib, eləcə də 1918-ci ildə Bakı qubernatoru olmuş babası Rəşid Axundzadənin ömür yolunun ilk dəfə işıqlandırıldığına görə müəllifə Axundzadələr ailəsi adından minnətdarlığını bildirib.

Kitabın müəllifi Azər Turan çıxışında "Darülmöminin" kitabı üzərində çalışarkən istinad etdiyi qaynaqlar barədə danışıb, kitabın nəşrinə dəstək vermiş Nizami Hüseynova və təqdimat mərasimini bu cür yüksək səviyyədə keçirənlərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, "Darülmöminin" kitabında qədim türk yurdu olan Darülmöminin mahalının, orta əslərin böyük mədəniyyət mərkəzlərindən biri olan Kuştaspi şəhərinin, Dalan-Nohur, Mahmudabad, Salyan və Neftçalanın tarixi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə