Bu günün tarixi, tarixin bu günü

1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova (1856-1929) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, H.Z.Tağıyevin inşa etdirdiyi Müsəlman Qızlar Məktəbinin direktoru olub.


1921 - I Ümumazərbaycan sovetlər qurultayı (6-19 may) işə başlayıb. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunub. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilib, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev) və yerli sovetlər yaradılıb. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edilib. 1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.


1991 - Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti Ermənistan parlamentinin Dağlıq Qarabağ münaqişəsini SSRİ xalq deputatlarının növbədənkənar qurultayının müzakirəsinə çıxarmaq cəhdinə etiraz olaraq Moskvaya, SSRİ Ali Sovetinə müraciət qəbul edib. Müraciətdə nəzərə çatdırılırdı ki, Ermənistanın hərəkəti Azərbaycanın müttəfiq respublika kimi suverenliyinə kobud müdaxilədir. Mayın 7-də SSRİ Ali Soveti Ermənistanın təşəbbüsünü rədd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə