“İRƏLİ” İctimai Birliyinin II Hesabat-Seçki Konfransı keçirilir

Bu gün Heydər Əliyev adına Sarayda "İRƏLİ" İctimai Birliyinin II Hesabat-Seçki Konfransı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq "İrəli 2008-2012" Hesabat filmi nümayiş olunub.

Konfransda çıxış edən İB-nin sədri Ceyhun Osmanlı cari dövr üçün birliyin fəaliyyət hesabatını verib. O bildirib ki, İB gənc peşəkarların fəaliyyəti üzərində qurulub və hal- hazırda Azərbaycanın ictimai- siyasi həyatında fəal mövqeyə yüksələn təşkilatdır: "Təşkilatımız insan kapitalına ardıcıl investisiyasını ən effektiv və davamlı inkişaf yolu kimi görür. Hazırda 24.000-dən artıq gənc və 12 təşkilat təşkilatımıza üzvdür. İB-nin 2010-11-ci illərdəki layihələrində 120.000-dən çox insan iştirak edib. Fəaliyyətimiz Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib, bununla yanaşı, dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyimiz təşkilatlar mövcuddur".

Artıq İctimai Birliyin sədrlik postuna namizədlər bəllidir. Daxil olan müraciətlər konfransın təşkilat komitəsi tərəfindən nəzərdən keçirilib və ictimai birliyin sədrliyinə Rauf Mərdiyev və Nərmin Məmmədova qeydə alınıb. Bundan başqa, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə Leyla Yolçiyeva, Orxan Əmrahov, Kövsər Orucova, Xəqani Fərəcov və Dünya Fərzəliyevanın namizədliyi qəbul olunub.

Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı konfrans iştirakçılarına çatdırılıb, eyni zamanda təşkilatın yeni loqotipi təqdim olunub, növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçilib. Qeyd edək ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqa rəsmilər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...