Bu gün Yaponiyada Yaşıllıq günü qeyd edilir. Yaşıllıq günü Yaponiyada İmperator Syoba və onun canlı təbiətə böyük sevgisi kimi qeyd edilib.
1947-ci il Konstitusiyasına əsasən real səlahiyyətləri əlindən alınmasına baxmayaraq, İmperator Syoba (sağlığında o İmperator Hirohito adlanırdı) ölkənin ictimai həyatında fövqəladə fəal mövqe tutaraq əcnəbi səfirləri və yüksək səviyyəli xarici qonaqları qəbul edir, başqa ölkələrə səfərlərə gedir, elmi konfranslara qatılır, Yaponiyanın daxilində səfərlərə çıxırdı.
Maraqlı fakt ondan ibarətdir ki, İmperatorun səfərləri zamanı yazda ağacların əkilməsinə həsr edilən festivallar, payızda isə idman yarışları təşkil olunardı. İşinin az olduğu saatlarda İmperator dəniz biologiyasını öyrənər və bu mövzuda çoxlu elmi məqalələr yazardı.
Əvvəllər Yaponiyada Yaşıllıq günü İmperator Syobanın ad günü ilə eyni vaxtda qeyd edilirdi. 2007-ci ilin "Milli bayramlar haqqında" qanununa əsasən, 29 aprel İmperator Syobanın doğum günü kimi qaldı, Yaşıllıq günü isə mayın 4-də qeyd edilməyə başladı.
Mayın əvvəllərində Yaponiya başdan ayağa yaşıllıqlar aləminə dönür. Rəsmi məlumatlara görə, ölkə ərazisinin 70 faizini meşələr və parklar təşkil edir. Bu dövrdə Yaponiyanın simvoluna çevrilmiş sakura ağacları qədim paytaxt Kyotoda və müasir meqapolis Tokioda artıq öz çiçəklərini tökmüş olur. Ölkənin şimal ərazilərinin sakinləri isə məhz bu günlərdə sakuranın gözəl çiçəklərindən zövq alırlar.
Yaponların təbiətə böyük məhəbbətlə yanaşmasının nəticəsidir ki, burada yaşıllıqlar xüsusi diqqətlə qorunur. Günəşin parlaq şəfəqlərindən zövq almağı xoşlayan yaponlar Yaşıllıq gününü ailələri və dostları ilə birlikdə parklarda, dəniz sahilində, dağlarda və ya isti su bulaqlarında keçirməyə üstünlük verirlər.
Kənd yerlərində yaşayanlar isə həmin günü mütləq tarlada keçirərək, əkinçiliklə məşğul olurlar.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB