Ombudsman Aparatının rəhbəri Bişkekdə beynəlxalq seminarda iştirak edib

Ombudsman Aparatının rəhbəri Bişkekdə beynəlxalq seminarda iştirak edib

Bu günlərdə Bişkek şəhərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bölməsinin təşkilatçılığı ilə "BMT mexanizmlərinin (müqavilə qurumları, xüsusi proseduralar və Universal Dövrü İcmal (UDİ)) insan hüquqları üzrə tövsiyələrinin dövlətlər tərəfindən yerinə yetirilməsinin effektivliyinin artırılması" mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı da qatılaraq, sessiyalarda çıxış edib.

"BMT tövsiyələrinin həyata keçirilməsi məqsədilə dövlət orqanlarının, milli insan hüquqları institutlarının və vətəndaş cəmiyyətini cəlb etməklə yüksək səviyyəli koordinasiya mexanizminin yaradılması" mövzusunda keçirilən sessiyadakı çıxışında o, Azərbaycanın insan hüquqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürdüyünü, öhdəliklərin yerinə yetirilməsi prosesinə dövlət qurumlarının, Ombudsmanın və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli QHT-lərin cəlb edildiyini, bu məqsədlə əlaqələndirmə, müvafiq hesabatların hazırlanması funksiyasını daşıyan işçi qruplarının yaradıldığını və fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Aparatın rəhbəri "Müqavilə qurumları, xüsusi proseduralar və UDİ çərçivəsində verilmiş tövsiyələrin yerinə yetirilməsi məqsədilə müddəti, dövrü və icrasına məsuliyyətli qurumlar müəyyən edilməklə fəaliyyət planlarının hazırlanması" mövzusunda sessiyada Azərbaycan dövlətinin istər UDİ çərçivəsində, istərsə də BMT-nin müqavilə orqanlarının tövsiyələrinin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, müvafiq dövlət proqramlarının, milli fəaliyyət planlarının qəbul edildiyini vurğulayıb.

Səfər çərçivəsində A.Səfixanlı həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Amerika, Avropa və Mərkəzi Asiya üzrə departamentinin rəhbəri C.Maqazenni ilə görüşüb. Görüşdə Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlar, habelə həyata keçirilməkdə olan MFP insan hüquqlarının daha səmərəli müdafiəsi baxımından müsbət dəyərləndirilib, adı çəkilən Proqramın implementasiyasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə