Azərbaycan Gənclər Fondu qurumun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edir

Azərbaycan Gənclər Fondu qurumun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edir

Yaxın zamanlarda fəaliyyətə başlayacaq Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondu gənclər arasında fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edir. SİA-nın xəbərinə görə, Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadə bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaqdır. Müsabiqənin şərtlərinə görə özündə milliliyi, gənclər mövzusunu, müasirliyi və inkişafı ehtiva edən loqo dizaynı qalib gələcək. Münsiflər Heyəti tərəfindən ən yaxşı loqo üçün dizayn variantı seçiləcək və qalib gələn şəxs Fondun Xüsusi Diplomu və "MacBook Air" noutbuku ilə mükafatlandırılacaq.

Təqdim edilən materiallar orijinal olmalı və dizayn edilmiş loqo daha öncə nəşr edilən olmamalıdır. Bundan öncə yaradılan dizayn və komponentlərdən istifadə edilən və yaxud qismən istifadə edilən loqo nümunələri müsabiqədə nəzərdən keçirilməyəcək. Müsabiqədə iştirak edəcək hər bir şəxs müsabiqənin əsasnaməsi ilə tanış olmalı, təqdim etdiyi loqo nümunələri ilə yanaşı iştirakçı vərəqini də dolduraraq loqo təklifini hazırlayıb 25 may saat 17:00-dək [email protected] elektron ünvanına təqdim etməlidir. Daha ətraflı: www.youthfoundation.az. Müsabiqə üçün təqdim edilən materiallar yüksək keyfiyyətli, ".JPG" formatda olmalıdır.

Bütün təqdim edilən loqo dizaynları Gənclər Fondunun mülkiyyəti olacaq. Həmçinin, fond gələcəkdə qalib gələn loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir. Gənclər Fondu bütün gəncləri müsabiqədə fəal iştirak etməyə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə