Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik yardım göstərilib

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 aprel 2012-ci il tarixli "1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" Sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb. Artıq Fond tərəfindən birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərə çatdırılması həyata keçirilib, Sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülüb". SİA-nın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verib. O bildirib ki, sərəncam hazırki vəziyyətə 28 968 nəfərə şamil olunub. Bunlardan 2739 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilib.

Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilib. S.Müslümov vurğulayıb ki, bu kateqoriyaya aid olan şəxslərin sayı isə 26 229 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...