Bakı Metropoliteni “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə tam hazırdır

Bakı Metropoliteni “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə tam hazırdır

Bakı Metropoliteni "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi vaxt istər ölkə vətəndaşlarının, istərsə də xarici qonaqların daşınması üçün tam hazırdır. Bunu SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib. O bildirib ki, Metropoliten müsabiqə çərçivəsində Bakıda müşahidə olunacaq böyük sərnişin axınının daşınmasını yüksək səviyyədə təmin edəcək. Onun sözlərinə görə, bununla bağlı hazırlıq işləri başa çatıb və hər hansı bir ciddi problem yoxdur.

"İnsanları tam təhlükəsiz olaraq mənzil başına çatdırmaq üçün bütün işlər görülür, turistləri maraqlandıran məsələrlə bağlı 6-7 ay ərzində bir qrup işçilərin ingilis dili üzrə keçirilən hazırlıq kursları artıq başa çatıb. Məlumat, informasiya sistemində haraya getmək üçün istiqamətlər göstərilib. Polislər də müəyyən dərəcə ingilis dilini öyrənib. İngilis dili üzrə hazırlıq kurslarına yalnız müəyyən qrup cəlb olunub. Onlar müəyyən informasiyaların alınmasında, yolun göstərilməsində ölkəyə gələcək turistlərə müəyyən köməklik göstərəcəklər. Lakin Bakı metrosunda çalışan hər kəsin kompyuter biliklərinə yiyələndiyini demək düzgün olmazdı. Bundan əlavə, abadlıq, quruculuq tam olaraq başa çatdırılıb", - deyə N.Tanrıverdiyeva əlavə edib.

Metropoliten rəsmisi vurğulayıb ki, metroda təhlükəsizlik sistemi tam olaraq qorunacaq: "Bakı Metropoliteni təhlükəsizlik qaydalarına xüsusi yanaşma ilə fərqlənir. Paytaxtda müsabiqənin keçiriləcəyi dövrdə təhlükəsizlik həmişə olduğu kimi, yüksək səviyyədə təmin olunacaq. Bəzi qara qüvvələr bu dövrdə Azərbaycanın təhlükəsizliyi ilə bağlı mənfi fikirlər səsləndirirlər. Amma Bakı metropoliteni tam qüvvəsi ilə çalışacaq ki, hər hansı bir neqativ hallar və ya hadisələr baş verməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə