\"Şuşa səsləyir\" adlı tədbir keçirilib- FOTOSESSİYA

\"Şuşa səsləyir\" adlı tədbir keçirilib- FOTOSESSİYA

Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin işğalının 20 illiyinin qeyd olunması münasibətiylə "Şuşa səsləyir" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşa şəhəri Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov, Laçın rayonu İcra Hakimiyyətinin nümayəndəsi Ağaəli İbrahimov, Cəbrayıl Muzeyinin direktoru Taryel Abbaslı, Fizuli muzeyinin direktoru Bəhram Məmmədli, Laçın muzeyinin direktoru Solmaz Məhərrəmli, 31 saylı orta məktəb şagirdləri, Azərbaycan Turizm İnstitutunun tələbələri və başqaları iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyəti işğaldan əvvəl Şuşa Muzeyindən fədakarlıqla xilas olunmuş eksponatlar ilə tanış etmək və bu gün muzey tərəfindən Qarabağ xalça sənətinin inkişafı yönümündə görülən işlər haqqında məlumatlar verməkdir.

Mərasimdə Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyinin Şuşa filialından xilas olunmuş eksponatlardan ibarət "Şuşanın sənət inciləri" sərgisinin açılışı olub. Sərgidə xilas olunmuş eksponatların əksəriyyəti 19-cu əsrə aid "Dəryanur", 20-ci əsrin əvvəlinə aid "Bağçadagüllər", "Ləmpə", "Atlı-itli", "Buynuz", "Xanlıq", "Balıq", "Açma-yumma", "Bəhmənli", "Malıbəyli", "Qasımuşağı", "Şuşa", "Şabalıd buta" kimi xovlu xalçalar, xalça məmulatları, tikmələr, geyimlər, zərgərlik nümunələri nümayiş etdirilib.

Ümumilikdə sərgidə 100-ə yaxın eksponat sərgilənib.

Tədbirin bədi hissəsində ədəbi musiqili kompozisiyalar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə heyətinin ifasında Şuşaya həsr olunmuş kiçik tamaşa göstərilib. Bülbül adına orta ixtisas musiqi məktəbinin muğam üçlüyünün ifasında Şuşaya həsr olunmuş xalq mahnıları ifa olunub və İcom Azərbaycan milli komitəsi tərəfindən hazırlanmış xalq mahnılarının CD-nin nümayişi keçirilib.

Qeyd edək ki, mərasim iştirakçıları Şuşa şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə