Mirkazım Seyidov: “Bu gün Azərbaycanda qazanılan bütün uğurlar ulu öndərin ideologiyasının bəhrəsidir”-MÜSAHİBƏ-SƏSTV
Heydər Əliyev adına Beynəlxalq Azərbaycan forumunun Azərbaycan nümayəndəliyinin rəhbəri, politoloq Mirkazım Seyidovun SƏSTV-yə müsahibəsi:
- Müasir strategiyamızın ulu öndər Heydər Əliyev ideologiyası əsasında qurulduğu artıq bütün dünyaya məlumdur. Sizcə, ölkə daxilində, xüsusilə də gənclər çərçivəsində ulu öndər ideologiyası kifayət qədər dərk olunurmu?
-Müstəqil dövlətçiliyimiz Heydər Əliyev ideologiyasına söykənərək qurulduğuna görə, bu ilk növbədə vətəndaşlarımız və ölkəmizdə yaşayan digər xalqların nümayəndələri tərəfindən dərk olunur. Bu ideologiyanın dövlətçiliyimiz və siyasi strategiyamız baxımında əhəmiyyətini dərk etmək üçün ulu öndərin həyat və yaradıcılığına baxış keçirməli və onun həyat fəaliyyətini bir neçə mərhələyə bölmək lazımdır. 1923-1943-cü illər ulu öndərin uşaqlıq və məktəb həyatı illərini əhatə edir. Onun uşaq yaşlarındakı həyatı böyük bəşəri şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayıb. İkinci dövr isə 1943-1969-cu illəri əhatə edir. Bu illər həm Azərcaycan sosialist respublikası, həm də SSRİ dövlətinin ağır illəri hesab olunur. SSRİ tarixində Böyük vətən müharibəsinin yaşandığı çətin ərəfədə ulu öndər sanki Azərbaycan xalqının xilaskarı rolunda çıxış edirdi. Onun yeritdiyi siyasət məhv olmuş Azərbaycanın yenidən dirçəlməsinə istiqamətlənmişdi və böyük çətinliklərdən, cəsarətli addımlardan sonra bu qələbəyə nail olundu. Ulu öndərin hakimiyyəti eyni zamanda sadə vətəndaş cəmiyyəti üçün də böyük şans olmuşdu. Çünki Heydər Əliyev dövlət təhlükəsizlik komitələrində fəaliyyətə başlayana qədər azərbaycanlılara hətta adi peşələrdə belə yer verilmirdi. Yəni o dövrdə xalqımızın yüksək vəzifələrdə təmsil olunması qeyri-mümkün idi. Bütün bunlar ulu öndərin müstəqil Azərbaycan dövlətini yaratmaq istiqamətində atılan kəskin addımlarına nümunə idi. Həyat fəaliyyətinin üçüncü dövrü isə 1969-1982-ci illəri əhatə edir. Bu dövr Azərbaycan sosialist respublikasının tərəqqi illəri kimi qiymətləndirilir. Digər illər 1982-1987, hətta 1982-1990-cı illəri əhatə edir ki, bu illərdə ulu öndər böyük Moskvada ən məsuliyyətli vəzifələrdə çalışmış və bütün dünya tərəfindən qəbul olunmuş bir lider, sovet rəhbəri kimi şöhrət qazanmışdı. Digər bir mərhələ 1991-2003-cü illəri əhatə edir ki, bu da Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi və 20 illik əziyyətdən sonra müstəqil Azərbaycanın yaranması ilə çəkilən zəhmətlərin bəhrəsini verdiyi dövr kimi qiymətləndirilir. Bu Azərbaycan xalqı və gənclər səviyyəsində kifayət qədər qəbul edilir. Lakin bu gün gənclərimizin bu ideologiyanın əhəmiyyətini dərindən dərk etməsi üçün həm valideynlərin, həm də təhsil müəssisələrindəki müəllimlərin üzərinə məsuliyyət düşür. Yəni, uşaq yaşlarından evdə aşılanan fikirlər və orta məktəblərdə tədris olunan fənnlər hər bir azyaşlının bir gənc kimi formalaşmasında önəmli rol oynayır.
- Ölkə daxilində ideologiyanın kifayət qədər aşılandığını dediniz. Bəs, sizcə, ulu öndər ideologiyası dünya ölkələri tərəfindən nə dərəcədə qəbul olunub?
-Ulu öndər ideologiyası bu gün dünya ölkələri çərçivəsində də kifayət qədər qəbul olunub və dəstəklənir. Azərbaycanın beynəlxalq aləmdəki imici və yeritdiyi xarici siyasət strategiyasındakı uğurları da məhz bu ideologiyanın bəhrələridir. \"Eurovision\" kimi beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi, Azərbaycanın BMT-nin TŞ-na qeyri daimi üzv seçilməsi və bir sıra digər nailiyyətlərimiz beynəlxalq aləmdə öz yerimizi tutduğumuzun göstəricidir. Biz özümüz çox yaxşı bilirik ki, bütün bunlar ulu öndər ideologiyasının bəhrələridir. Lakin təbii ki, bu dünya xalqları tərəfindən mənimsənilməlidir. Dövlət başçısının yeritdiyi siyasət xalq tərəfindən dəstəkləndikdə öz yerini tapır. Çünki bir dövlətin arxasında güclü xalq dayanmasa, onun hansısa uğura imza atması qeyri-mümkündür. Bu gün bütün dünyaya məlumdur ki, Heydər Əliyev deyəndə Azərbaycan xalqı. Azərbaycan xalqı dedikdə isə Heydər Əliyev başa düşülür. Bu gün xalqımızın xoşbəxtliyi ondadır ki, ulu öndər ideologiyasını yaşadan, layiqincə təbliğ edən prezidentimiz var. Ölkə prezidenti ilə yanaşı, Heydər Əliyev Fondunun rəhbərliyi də ulu öndər ideologiyasının dünya səviyyəsində qəbul olunması istiqamətində kifayət qədər önəmli işlər görür. Bu fəaliyyət nəticəsində ulu öndər siyasətinin dünya liderləri üçün önəmli bir strategiya olduğu qəbul etdirilib. Lakin həmin ölkələrin xalqları tərəfindən də ulu öndər siyasətinin mənimsənilməsi ciddi əmək tələb edir. Məsələn, ABŞ lideri ulu öndər siyasətini və onun strategiyası əsasında qurulan azərbaycançılığı qəbul edə bilər, lakin 350 milyon nəfərlik Amerika xalqı Azərbaycan haqda ümumiyyətlə çox az məlumata sahibdir. Ona görə də biz əsas işimizi bu ideologiyanın qəbul etdirilməsi istiqamətində qurmalıyıq. Ulu öndər siyasətinin əsasında sosial rifah, tolerantlıq, siyasi ədalət prinsipləri öz əksini tapır. Məhz buna görə də bu ideologiya dünya xalqları tərəfindən də qəbul olunmalı və bu isiqamətdə artıq konkret addımlar atılmalıdır.
- Hər birimizin bu işdə məsuliyyət daşıdığımızı qeyd etdiniz. Bəs diasporlar bu sahədə hansı işləri görür və ümumiyyətlə, cəmiyyət olaraq biz hansı addımları atmalıyıq?
-İlk olaraq qeyd edim ki, son 5 ildə ulu öndər ideologiyasının dünya xalqları tərəfindən mənimsənilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılır. Lakin bu danılmaz bir həqiqətdir ki, bu istiqamətdə böyük nailiyyətlər qazanılması üçün əsas məsuliyyət diasporların üzərinə düşür. Çünki diasporlar fəaliyyət mexanizmləri ilə Azərbaycanı təmsil edirlər. Diaspor azərbaycanlıları bu gün fəaliyyətləri çərçivəsində dünya liderlərinin diqqətini öz üzərlərinə cəlb etməyə və azərbaycanlıların uğurlarını təbliğ etməyə qadirdirlər. Lakin bu heç də işin hamısı demək deyil. Təbii ki, qəlbində azərbaycançılıq ideologiyasını daşıyan hər bir vətəndaş bu istiqamətdə öz üzərində düşəni bilməlidir. Ölkə prezidentinin də çıxışlarında qeyd etdiyi kimi, biz artıq hücum xarakterli təbliğata keçməliyik. Yəni, artıq konkret addımlarla güclü tədbirlər həyta keçirməli və təbliğat sistemini gücləndirməliyik. Məsələn, çoxsaylı azərbaycanlıların yaşadığı yerlərdə Azərbaycan universitetləri açmaq ilkin tədbirlər sırasına daxil edilə bilər. Bu həm dünyaya inteqrasiyaya, həm də ümumən bir ölkə kimi tariximizi təbliğ etməyə və varlığımızı daima xatırlatmağa sövq edən addımdır. Təbliğat bu işlərdə çox önəmlidir və təhsil sahəsində bu daha asanlıqla mümkün olur. Bununla yanaşı, digər sahələrdə də konkret addımlar atılmalıdır. Məsələn, Rusiyada Heydər Əliyev Fondunun fəaliyyət göstərməsi bizim ideologiyamız və ölkə strategiyasının dünyaya çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Lakin tək fondun fəaliyyəti kifayət etmir. Bütün bu sözügedən tədbirlər ümumxalq səviyyəsinə yüksəldilməli və vətəndaşlıq hissimiz, milli şürumuz bu istiqamətdə formalaşmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB