Ombudsman Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-nun Baş Direktoruna, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb. Bəyanatda qeyd olunur: "Qonşu dövlətlərə qarşı məqsədyönlü ərazi iddialarını zaman-zaman həyata keçirən və "böyük Ermənistan" yaratmaq xəyalları ilə yaşayan erməni millətçiləri davamlı olaraq dəhşətli cinayətlərə əl atmış, bəşəriyyətə, insanlığa zidd olan terror və soyqırımı siyasəti yürüdüblər. Tarixən öz dövləti olmayan, xalqımızın mərhəmətindən, insanpərvərliyindən sui-istifadə edərək yararlanan, Azərbaycan torpaqlarında sığınacaq tapmış erməni millətçilərinin bu məkrli siyasətinin məqsədi azərbaycanlıları əzəli torpaqlarından zor gücünə sıxışdırıb çıxarmaq, həmin ərazilərə digər ölkələrdən ermənilərin köçürülməsi olub. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub, 4.500 nəfər itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, hüquqları kütləvi şəkildə, kobudcasına pozulub. Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, ümumən 17 min kvadratkilometr ərazidə ən məhsuldar torpaqlarımız zəbt olunub.

Bu işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə nəticələnən, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan, dünyaya xalqımızın zəngin mədəni irsini tanıtdıran görkəmli şəxsiyyətlər, yazıçılar, şairlər, musiqiçilər bəxş etmiş Şuşa şəhərinin işğal olunmasından iyirmi il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında 9 aprel 2012-ci il tarixli Sərəncam imzalanıb. Sərəncamda Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlərinin təşkili, Tədbirlər Planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi qərara alınmışdır. Şuşanın işğalının ildönümü şuşalı məcburi köçkünlərin ölkəmizdə məskunlaşdığı bütün ərazilərdə və respublikanın hüdudlarından kənarda, həmçinin Azərbaycanın diaspor təşkilatlarının keçirdiyi çoxsaylı tədbirlərlə qeyd olunacaq.

1 may tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə müraciət qəbul edib. Milli Məclis adı çəkilən nüfuzlu beynəlxalq qurumları nəinki Cənubi Qafqaz bölgəsində, həm də Bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişənin həllində öz səylərini birləşdirməyə, Ermənistan Respublikasının işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsinə çağırıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bəyan edirəm ki, Ermənistan Respublikası tərəfindən ölkəmizin ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarının işğalı, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir.

Bütün bunları nəzərə alaraq, dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulması, bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə dəstək verilməsi, zəbt olunmuş torpaqların qaytarılması, yüz minlərlə qaçqın və məcburi köçkünün öz yurdlarına dönməsi, onların hüquqlarının bərpa edilməsi istiqamətində səylərini artırmağa çağırıram. Bu, həm də Qafqazda sülhün, əmin-amanlığın bərqərar olunmasına, dinc yaşam tərzinin bərpa edilməsinə, davamlı inkişafın təmininə təkan verərdi.

Erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların uzun illər boyu davam edən münaqişənin həllinə yönəlmiş səyləri beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həyata keçirilməli, monoetnik dövlətə çevrilmiş Ermənistan işğalçı, təcavüzkar etnik təmizləmə siyasətindən, ərazi iddialarından əl çəkərək, qəbul edilmiş mühüm sənədlərin müddəalarını yerinə yetirməli, ölkəmizin ərazi bütövlüyü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli, onlar öz doğma yurd yerlərinə qayıtmalı, əsir və girovlar azad olunmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...