Cəzaçəkməkdən azad edilmiş şəxslərə Dəstək Mərkəzi yaradılır

Cəzaçəkməkdən azad edilmiş şəxslərə Dəstək Mərkəzi yaradılır

"Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" İctimai Birliyi 01 may 2012-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq "Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi" yaradılır. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, penitensiar müəssisələrdə islah edilmiş məhkumların azadlığa çıxdıqdan sonra qarşılaşdıqları baryerləri aşmalarında onlara yardımçı olmaqla, müəyyən dərəcədə onların yenidən cinayət əməlinə əl atmalarının qarşısını almaqdır. Bu məqsədlə layihə çərçivəsində bir sıra istiqamətlərdə işlər aparılacaqdır. "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" İctimai Birliyi bu layihənin icrası ilə bağlı bir sıra dövlət orqanları, xüsusilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Mərkəzin fəaliyyətinin əsas istiqaməti azadlığa çıxmış keçmiş məhkumlara təmənnasız olaraq xidmətlərin göstərilməsidir. Mərkəzin əməkdaşları müraciət etmiş şəxslərin ehtiyyac meyarlarına uyğun olaraq onlara hüquqi və ya psixoloji yardım edəcək, sosial problemlərin həll edilməsində dəstək olacaqlar. Bu fəaliyyətlərə paralel olaraq layihə çərçivəsində cəzaçəkmə müəssisələrinə səfərlər ediləcək, azadlığa çıxmağa hazırlaşan məhkumlarla görüşlər keçiriləcək ki, bununla da onlar mərkəzin fəaliyyətinə cəlb ediləcəklər. Layihə çərçivəsində görüləcək işlərdən biri də keçmiş məhkumlar üçün karyera quruluşu, səmərəli iş axtarma mexanizmləri və sair bu kimi mühüm mövzularda kursların təşkili olacaq. Nəzərə alınsa ki, keçmiş məhkumların ən əsas problemlərindən biri məşğulluq məsələsidir, bu kurslar bu problemlərin həllində onlara tutarlı dəstək verə biləcək.

1 il müddətində icra ediləcək layihənin sonuna doğru maraqlı dövlət qurumları, yerli qeyri-hökümət və beynəlxalq təşkilat nümayəndələrinin, habelə KİV-in iştirakı ilə dəyirmi masa təşkil ediləcək.

Qeyd edək ki, tədbirdə görülmüş işlərin təqdimatı -ictimai hesabatı veriləcək və eyni zamanda bu sahə ilə bağlı maraqlı tərəflərin ictimai müzakirəsi təşkil ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə