Abşeronda Ümummilli liderin döğum günü münasibətilə elmi-praktik konfrans keçirilib

Abşeronda Ümummilli liderin döğum günü münasibətilə elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə elmi-praktik konfrans keçirib.


Konfransda çıxış edən YAP Abşeron rayon təşkilatının sədri, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bilman Vəliyev Ümummilli liderin həyat və fəaliyyətindən, xalqımız üçün misilsiz xidmətlərindən danışıb.


Bilman Vəliyev müstəqil Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişafımızın dönüş nöqtəsi hesab olunan "Əsrin müqaviləsi" imzalanıb, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olub, irimiqyaslı regional layihələrin fəal iştirakçısına çevrilib: "Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Ulu öndər Heydər Əliyev siyasi xəttinin Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter alıb, Azərbaycan sosial-iqtisadi inkişaf sürətinə görə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. Qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməsi də məhz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və uğurla davam etdirilən iqtisadi siyasətin nəticəsidir".


Konfransda kollecin müəllimləri Vüsalə Axundova "Heydər Əliyev irsi Azərbaycanın davamlı inkişaf strategiyasıdır", Günay Həsənova "Heydər Əliyev ideyaları həmişə yaşayacaqdır" mövzularında məruzələrlə çıxış ediblər.


Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.


Bilman Vəliyev elmi-praktik konfransa yekun vuraraq tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin ölkəmizin gələcək sosial-iqtisadi inkişafının uğurları üçün ən möhkəm zəmanət olduğunu bir daha vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə