İsmayıllıda “Özünədəstək” layihəsinə cəlb olunmuş ailələrlə “Sosial müqavilə”lər imzalanıb

İsmayıllıda “Özünədəstək” layihəsinə cəlb olunmuş ailələrlə “Sosial müqavilə”lər imzalanıb

İsmayıllı rayonunda "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə "Sosial müqavilə"lərin imzalanması, onlara müvafiq bildirişlərin paylanması ilə bağlı tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunmuş ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına müsbət təsir göstərdiyini deyib, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini qeyd edib.

Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb. Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını möhtərəm dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsi üçün Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları pilot rayonlar kimi seçilib. Layihənin ilk sınaq işlərinə 2011-ci ilin mart ayında Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində başlanılıb. Əldə olunan müsbət təcrübə əsas götürülməklə cari ilin ilk rübündə Bakının Nizami rayonunda bu sahədə işlər davam etdirilib.

Cari ilin fevralında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Tovuz rayonunun Vahidli kəndində "Özünədəstək" layihəsinə cəlb olunmuş ailələrlə görüşündə layihənin Ermənistanla həmsərhəd və cəbhəyanı digər kəndlərimizdə, ümumilikdə 111 kənddə mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb. Artıq Fizuli rayonunda 13 aztəminatlı ailə layihəyə cəlb olunub. Bu proqram ümumən ölkənin hər bir rayonunda icra olunacaq.

Qeyd edək ki, "Özünədəstək" layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə