Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün müraciətlərin qəbulu elektron qaydada aparılacaq

Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün müraciətlərin qəbulu elektron qaydada aparılacaq

Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün müraciətlərin qəbulu elektron qaydada aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya bildirilib ki, bu barədə "Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu" e-xidmətinin ilkin versiyasının təqdimatında müzakirə olunub.


Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov adı çəkilən elektron xidmət növünün əhatə etdiyi xidmət sahələri, həmin xidmətlərlə təmin olunmaq üçün tələb olunan və skan edilmiş formada elektron qaydada göndərilməli olan sənədlər barədə məlumat verib.

Qeyd olunub ki, bu elektron xidmətin tətbiqi vətəndaşlarla tibbi-sosial ekspert komissiyalarının əməkdaşları arasında birbaşa ünsiyyətin minimuma endirilməsi və əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Bununla eyni zamanda əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanmaq imkanları daha da genişləndiriləcək.

Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, o cümlədən Dünya Bankı ilə Azərbaycan Hökumətinin birgə icra etdiyi "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində həmin strukturlar kompyuter avadanlıqları ilə təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə