“Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib-FOTO
Bu gün 5 may-Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunan "Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, Ombudsman Aparatı və İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əlilliyi olan insanların sosial vəziyyəti və mövcud problemləri müzakirə edilib. Konfransda ombudsman Elmira Süleymanova, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, millət vəkilləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, əlillərin hüquqlarının müdafiəsi ilə bağlı əldə olunan müsbət göstəricilər bu sahədə sistemli fəaliyyətin nəticəsidir: "1998-ci ildə qəbul edilmiş insan hüquqları üzrə ilk dövlət proqramı var. Bundan əlavə, 2006-cı ildə qəbul edilmiş Milli Fəaliyyət Proqramı və 2011-ci ildə qəbul edilmiş İnsan hüquq və azadlıqlarının səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Proqramında əlillərin müdafiəsi ilə bağlı mühüm müddəalar var".
E.Süleymanova çıxışı zamanı əlilliyin müəyyən edilməsi məqsədilə yaradılan tibb komissiyalarının işinin təkmilləşdirilməsini vacib hesab edib. O bildirib ki, bu gün müəssisələrdə əlillərin işlə təmin olunmasında kvota nəzərə alınmır, təhsil, peşə fəaliyyəti, həmçinin əlillərin mənzillə təminatında da problemlər var. Daha sonra ombudsman əlillər üçün idman, reabilitasiya mərkəzlərinin yaradılması, pulsuz hüquqi yardımın göstərilməsi, hüquqi maarifləndirmənin təşkili ilə bağlı Milli Məclisə təkliflər verdiyini qeyd edib.
Millət vəkili Aytən Mustafayeva isə bildirib ki, Azərbaycanın bütün maddi imkanları onun sosial xidmətlərinin ödənilməsinə imkan verir: "İqtisadi, madddi baxımından əlillərə belə dəstəyin göstərilməsindən öncə hüquqi baza da hazırlanmalıdır. Əqli qüsurlu, fiziki imkanları məhdud olan insanların problemlərini öyrənməliyik. Bu istiqamətə dövlət sturukturları tərəfindən aparılan işlər, dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğı ilə yanaşı ictimai dəstək də olmaldır. Ümid edirik ki, bu sahədə qanunvericilikdə mövcud olan boşluqları doldura bilərik. Onları yüksək səviyyədə həll etmək üçün biz də öz töhfəmizi verə bilərik".
Tədbirin davamında çıxış edən qonaqlar da mövzu ətrafında fikirlərini bölüşüb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB