Nazir müavini: “Əlil insanlar üçün müəyyən edilən kvotaya bəzi müəssisələrdə əməl edilmir”

Nazir müavini: “Əlil insanlar üçün müəyyən edilən kvotaya bəzi müəssisələrdə əməl edilmir”

\"Son illərdə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği 3,7 dəfə artırılıb\". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. O bildirib ki, son 3 ildə maşınla təmin olunan əlillərin sayı 3 min, mənzillə təmin olunanların sayı isə 5 min nəfərə çatıb. Ölkədə əlillər üçün 14 bərpa və reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini deyən nazir müavini vurğulayıb ki, ildə həmin mərkəzlərdə orta hesabla 8 min əlilə xidmət göstərilir.

"Dünyanın elə bir ölkəsi yoxdur ki, orada əlillərin problemləri tam həll olunsun. Azərbaycanda isə əlillərin problemlərinin həlli üçün çox önəmli tədbirlər həyata keçirilir. Əlillərin kvotası müəyyənləşdirilib və 100 nəfərdən artıq işçisi olan müəssisələrdə əlil insanlar üçün 4-5 faiz kvota müəyyən edilib. Təəssüf ki, bu kvotaya bəzi müəssisələrdə əməl edilmir. Kvotaya əməl olunmamasına görə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə cərimələrin məbləği artırılıb: "Kvota probleminin həlli üçün zaman lazımdır. Hər il Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət proqramı qəbul edilir. Kvotaya əməl etməyən müəssisələr üçün cərimələrin məbləği artırılıb. Bu problemin həlli üçün zaman lazımdır".

N.Məmmədov vurğulayıb ki, dünya əhalisinin 15 faizini əlillər təşkil edir. Azərbaycanda isə bu göstərici 4,6 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə