“Azərsu” ASC: “İçməli sudan qeyri-qanuni istifadə ilə bağlı 50-yə qədər fakt aşkarlanıb”
"Su təchizatı və tullantı suları haqqında" qanunun tələblərini əsas götürməklə "Azərsu" ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşları mütəmadi belə obyektlər aşkarlayır. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində təkcə aprel ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 50-yə qədər fakt aşkarlanıb. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir. "Azərsu" ASC-nin əməkdaşları tərəfindən keçirilən sonuncu reyd zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində fəaliyyət göstərən "Dalğa-Kater" firmasına məxsus "Dalğa" şadlıq sarayında içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. ALFASU smart-kart sayğacı ilə təmin olunmuş obyektə içməli suyun verilməsi 15 mm diametrli borularla nəzərdə tutulsa da, paralel olaraq qeyri-qanuni çəkilmiş 32 mm diametrli xətdən istifadə edilirmiş. Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. "Dalğa-Kater" firmasının içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndirilib və abunəçiyə qarşı 1825 manat 20 qəpik məbləğində cərimə tətbiqi barədə qərar çıxarılıb. "Azərsu" ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə etməsinlər. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilər içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB