İranın Ərak Universitetində Dağlıq Qarabağ mövzusunda elmi işin müdafiəsi keçirilib - FOTO

İranın Ərak Universitetində Dağlıq Qarabağ mövzusunda elmi işin müdafiəsi keçirilib - FOTO

İranın Ərak Azad İslam Universitetinin beynəlxalq hüquq fakültəsinin magistri Nima Dəstguşadənin "Birləşmiş Millətlər Təşkilatının (BMT) Dağlıq Qarabağ barədə qətnamələrinin insan hüquqları aspektindən araşdırılması" mövzusunda elmi işinin müdafiəsi başa çatıb.

Magistr bu mövzunu işləyərkən AzərTAc-ın İrandakı müxbiri ona yaxından kömək göstərib. Belə ki, AzərTAc-ın kitabxanasından və arxivindən, o cümlədən İran müxbirindən mövzunu əhatə edən nadir kitablar, mühüm rəsmi sənədlər, çoxsaylı elmi jurnallar və digər əyani vəsaitlərlə magistrə lazımi kömək göstərilib. Müəllif elmi işin hazırlanmasında müxtəlif xarici elmi mənbələrdən, mətbu nəşrlərdən geniş şəkildə istifadə edib.

Elmi işin "Dağlıq Qarabağ bölgəsində insan haqlarının vəziyyətinin tarixi və onun hüquqi aspektdən araşdırılması" adlı birinci fəslində Qarabağın tarixindən, erməni toplumunun bu əraziyə köçürülməsinin siyasi səbəb və sosial nəticələrindən bəhs edilir. Müəllif təkzibolunmaz tarixi faktlar, məntiqi mülahizələr və beynəlxalq hüquqi sənədlərlə əsaslandırır ki, Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının qədim torpağıdır. Bu əraziyə heç bir etnosun iddia etməyə və şərik olmağa tarixi, mənəvi və hüquqi haqqı yoxdur. Müəllif ilk növbədə, dövlətlərin ərazi bütövlüyü və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların hüquqi sənədlərinə istinad edir, o cümlədən BMT, ATƏT, İƏT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün tanındığını, Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə, insan azadlıqlarına və dövlətlərin ərazi bütövlüyünə qarşı təcavüz kimi dəyərləndirir.

İkinci fəsil "Qarabağ münaqişəsində insan haqları və insansevərlik hüquqlarının pozulması" adlanır. Bu fəsildə keçmiş SSRİ-nin süqutu ərəfəsində Ermənistanın yenidən Azərbaycan Respublikasına qarşı başladığı ərazi iddiasının insan hüquqlarının pozulmasına dair ayrı-ayrı istiqamətləri beynəlxalq hüquq aspektindən ətraflı təhlil olunub. Müəllif beynəlxalq hüquqi sənədlərə əsaslanaraq yazır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlanan münaqişə nəticəsində Dağlıq Qarabağda, Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlıların yaşama, əmək, məşğulluq, azad hərəkət etmək, dini etiqad hüquqları tam şəkildə pozulub. İşğalçı tərəf beynəlxalq müharibə qaydalarına əməl etmədən azərbaycanlılara qarşı çoxsaylı soyqırımları, kütləvi qətllər törədib, işğal olunmuş ərazilərdə maddi irs dağıdılıb, o cümlədən ibadət yerləri - məscidlər, pirlər, monastırlar məhv edilib, qəbiristanlıqlar təhqir olunub. Müəllif bu fəsildə Xocalı soyqırımının nə üçün genosid olduğunu beynəlxalq hüquqi sənədlərə söykənərək son dərəcə dəqiqliklə əsaslandırıb. Burada xüsusilə qeyd edilib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli hərbi cinayətidir. Bu cinayəti törədən erməni vandallar qoca, qadın və uşaqlara rəhm göstərməyib, müharibə qaydalarına uyğun olaraq silahsız insanların döyüş bölgəsini tərk etməsi üçün azad dəhliz verməyib, əsirlərə qarşı amansızlıq göstərib, meyitləri təhqir ediblər.

"Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələrinin hüquqi aspektdən araşdırılması" adlanan üçüncü fəsildə BMT TŞ-nin 822, 853, 874, 884 saylı qətnamələrinin qarşıya qoyduğu vəzifələrin hüquqi təhlili aparılır. Müəllif bu fəsildə, eyni zamanda, ATƏT-in və AŞPA-nın Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında qərar və qətnamələrinin mətninə də müraciət edib. Bu fəsildə əsaslandırılıb ki, təcavüzkar Ermənistan dövləti beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə dair qətnamələrinə məhəl qoymamaqla əslində, beynəlxalq hüquq normalarına və humanizm prinsiplərinə, qaçqın və məcburi köçkün vəziyyətində yaşayan bir milyona yaxın azərbaycanlının öz yurdunda sərbəst dolaşmaq və yaşamaq, işləmək və rifah halını yaxşılaşdırmaq hüququna qarşı çıxır.

Magistratura işinin nəticəsində göstərilir ki, Dağlıq Qarabağ bölgəsi Azərbaycan xalqının tarixi torpağıdır. Azərbaycan Respublikası işğal olunmuş ərazilərini azad etmək üçün bütün beynəlxalq hüquqlara malikdir. Bu məsələdə beynəlxalq qanunlar, beynəlxalq təşkilatların məsələ ilə əlaqədar qərar və qətnamələri Azərbaycan Respublikasının tərəfindədir. Azərbaycan Respublikası və onun xalqının öz qədim torpaqlarının işğalı ilə barışacağı inandırıcı deyildir. Sözsüz ki, bu məsələdə Azərbaycan xalqının mövqeyi və hüquqi əsaslar beynəlxalq ictimaiyyətə bəllidir. Odur ki, heç bir qüvvə Azərbaycan xalqının öz dövlətinin ərazi bütövlüyünü bərpa etmək hüququna qarşı çıxmaq iqtidarında deyildir.

Magistr əsaslandırır ki, münaqişənin nizamlanması ilə bağlı vasitəçilik missiyasının ATƏT-in Minsk qrupuna həvalə olunması əslində, münaqişənin konservləşməsinə gətirib çıxarıb. Bu səbəbdən də işğalçı tərəf, sadəcə olaraq vaxt udmaqla müzakirə masasında öz qeyri-konstruktivliyini davam etdirməkdədir. Bu isə öz növbəsində regionda ciddi münaqişə ocağının hər an alovlana biləcəyi təhlükəsini reallığa çevirir, region dövlətlərinə kompleks inkişafı üçün mövcud şəraitdən səmərəli istifadə olunmasına imkan vermir. Magistr bu qənaətə gəlir ki, münaqişənin daha tez, ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü şərti ilə həll olunması üçün vasitəçilik missiyası BMT Təhlükəsizlik Şurasına qaytarılmalıdır. Bu mötəbər beynəlxalq təşkilat, ən azı özünün dünyadakı nüfuzunu qorumaq üçün ədalətli mövqe nümayiş etdirməyə və təcavüzkar Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə məcbur olacaqdır. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmasa və bölgədə yenidən hərbi qarşıdurma yaransa bütün məsuliyyət bu münaqişə ilə bağlı vasitəçilik edən beynəlxalq təşkilatların üzərinə düşəcəkdir.


Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə