Azərbaycanda ilk dəfə olaraq \"Univision\"-Universitetlərarası Eurovison musabiqəsinə start verilir-FOTOSESSİYA
Azərbaycanda ilk dəfə olaraq Univision (Universitetler arası Eurovison) musabiqəsinə start verilir. SİA-nın xəbərinə görə, bununla bağlı keçirilən mətbuat konfransında qeyd olunub ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə reallaşan beynəlxalq layihəyə Azərbaycan ev sahibliyi edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, universitetlər arasında təşkil olunacaq müsabiqə "Eurovision" mahmı müsabiqəsi formatında təşkil olunacaq. Onun sözlərinə görə, ilk olaraq Azərbaycanda keçiriləcək müsabiqənin gələcəkdə MDB və digər Avropa ölkələrində təşkil olunması nəzərdə tutulur. Hazırda bu istiqamətdə Avropa Tələbələr Birliyi ilə danışıqlar getdiyini deyən S.Məmmədova vurğulayıb ki, onlar bu müsabiqəni izləmək üçün cari il Bakıya gələcək: \"İnanırıq ki, gələn il bu müsabiqəni xaricə çıxara biləcəyik\".
ATGTİ-nin sədri Şahin İsmayılov isə müsabiqə barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın 26 universitetinin iştirak edəcəyi müsabiqə iki mərhələdə keçiriləcək: \"Müsabiqənin yarımfinalı mayın 15-də, finalı isə mayın 17-də Heydər Əliyev Sarayında təşkil olunacaq. Müsabiqənin finalında 10 universitet mübarizə aparacaq. Onların fəaliyyəti hər bir universitetdə yaradılan 9 nəfərdən ibarət gizli şura tərəfindən yoxlanılacaq və nəticədə 1-dən 12-yə kimi xallar veriləcək. Müsabiqədə qalib gələn universitet gələn il ev sahibliyi şansı əldə edəcək və ya bunu təşkilat komitəsinə həvalə edə bilər. Səsvermədə və yarışda yalnız tələbələr iştirak edə bilərlər. Müsabiqənin səsverməsi sms-lə həyata keçirilməyəcək. Musiqi canlı, müsabiqədə iştirak etmək üçün biletlər pulsuz olacaq. Kütləvi tələbə axınını nəzərə aldığımız üçün hər universitetə müəyyən sayda yerlər veriləcək. Müsabiqənin təşkili ilə yeni ənənəyə start verilir. Yarışma Heydər Əliyev Sarayında keçiriləcək. Müsabiqəyə təkcə paytaxtdan deyil, region universitetləri də cəlb olunub. Belə ki, Gəncənin 3 universiteti burada təmsil olunacaq. Bir sözlə, indidən hər kəsdə böyük maraq yaradan müsabiqənin uğurlu keçəcəyinə inanırıq".
Qeyd edək ki, müsabiqənin rəsmi püşkatma mərasimi mayın 11-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB