İlker Başbuğa məhkəmədə verilən ilk sual

İlker Başbuğa məhkəmə zamanı verilən ilk sual Qüdsdə çəkdirdiyi fotoşəkillə bağlı olub


Məhkəmə zamanı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının sabiq rəisi general İlker Başbuğa verilən ilk sual onu son dərəcə qəzəbləndirib.


Başbuğ məhkəmədə ona Qüdsdəki Ağlama Divarının yanında çəkdirdiyi fotoşəkil ilə əlaqədar ünvanlanan suala şəxsi internet saytı vasitəsi ilə cavab verib: "Bu sual insanlığa qarşı işlədilən günahdır".


Bu şəkilin mühakimə mövzusu ilə nə kimi bir əlaqəsinin olduğunu anlaya bilmədiyini qeyd edən Başbuğ deyib: "Məncə, insanların inanclarının və etnik mənşələrinin digərləri tərəfindən sorğulanması, hər şeydən əvvəl insanlığa qarşı işlədilən günahdır. İslamı ən son və ən mükəmməl din halına gətirən əhəmiyyətli səbəblərdən biri də onun dini Allah ilə qul arasında olan bir mövzu olaraq qəbul etməsidir. Allah ilə onun qulu arasına girməyə cəsarət edənlər bu səlahiyyəti haradan əldə edir? Yəhudilik səmavi dinlərdən biridir, Qüdsdəki Ağlama Divarı da müqəddəs bir yerdir. Bu müqəddəs yeri ziyarət edən hər bir insanın yəhudi ola biləcəyi ehtimalını irəli sürən cahillər, İstanbulda Sultanəhməd məscidinə ziyarət edib, orada dua edən hamının müsəlman olduğunu düşünür?


Bu gün mən türk olmağımla və əlbəttə, müsəlman olmağımla da fəxr edirəm. Eyni səyahət əsnasında dinimizdə xüsusi bir yeri və mənası olan Məscidi Əqsanı da ziyarət etdim".


Qeyd edək ki, "Vakit" qəzeti 2008-ci ildə "Ağlama divarı önündə bir məmur" başlığı ilə İlkər Başbuğun Qüdsdə Ağlama Divarı qarşısında dua edərkən çəkilən fotoşəkilini manşetlərə yerləşdirmişdi. Daha sonra Başbuğun mühakimə edildiyi məhkəmə zamanı generala verilən ilk sual bu şəkillərlə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...