\"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna xarici rəsmilər işgüzar səfər edib
Rusiya Federasiyası Tatarstan Respublikasının prezidentinin köməkçisi, mədəniyyət nazirinin müavini, Kazan şəhər bələdiyyəsinin rəsmiləri, memar və inşaatçılardan ibarət nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna işgüzar səfərə gəlib. Qurumdan SİA-ya verilən məlumata görə, səfər Qoruq İdarəsinin idarəetmə sistemi və burada abidələrin qorunması sahəsində olan təcrübə və bərpa və konservasiya işləri ilə tanış olmaq məqsədini daşıyır.
Qonaqlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbbarov və digər rəhbər şəxsləri ilə görüşüb, Qoruq İdarəsinin idarəetmə təcrübəsini, fəaliyyət istiqamətlərini və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edilib. Nümayəndə heyəti 2000-ci ildən YUNESKO-nun "Dünya İrs Abidələri" siyahısına daxil olan Kazan şəhərinin tarixi mərkəzində də İçəri Şəhərdə görülmüş işlərin təcrübəsindən istifadə edilməsinin məqsədəuyğun olduğunu vurğulanıb. Daha sonra İçəri Şəhərlə tanış olan qonaqlar İdarənin memarları və İçəri Şəhərdə bərpa və konservasiya işləri ilə məşğul olan şirkətlərin nümayəndələri ilə Məhəmməd Məscidində Qız Qalası, İkimərtəbəli Karvansara, Qala divarlarının bərpa işləri davam edən sahələrində olmuşlar. Burada onlara bərpa işlərinin aparılma mexanizmləri və bu zaman istifadə olunan materiallar barədə məlumatlar verilib.
Ötən il Tatarstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasına rəsmi səfəri zamanı İçəri Şəhərdə olub, idarəetmə sistemini və abidələrin qorunması sahəsində təcrübəni bəyənərək, Tatarstanın müvafiq qurumların rəhbərlərinin İçəri Şəhərə səfərlərini məqsədəuyğun hesab edib. Bu səbəbdən ötən il Kazan şəhərinin meri İlsur Metşin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarəçilik sistemini öyrənmək üçün Bakının tarixi mərkəzini ziyarət etmişdir. Bu dəfə qeyd olunan təcrübənin daha dərindən öyrənilməsi məqsədi ilə daha geniş tərkibdə nümayəndə heyətinin səfəri baş tutub.
Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tiflis, Krakov, Amsterdam, Qraz, Bamberq və digər şəhərlərin tarixi mərkəzləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB