“Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans keçirilib-YENİLƏNİB

“Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans keçirilib-YENİLƏNİB

Bu gün Milli Məclisdə "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbir Milli Məclis və Avropa Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyasına hələ ötən ildən başlanılıb. Onun sözlərinə görə, bu istiqamətdə ölkə qanunvericiliyində nəzərdə tutulan məsələlər çərçivəsində birgə çağırışlar edilib, bir çox təhsil müəssisələrində xüsusi tədbirlər həyata keçirilib: "Bütün dünya ilə birgə uşaq zorakılığına \"yox\" deyirik. Bu problemin də Azərbaycanda varlığı qəbul edilir və ona qarşı birgə mübarizə aparılır. Bizim məqsədimiz uşaqların sağlam nəsil kimi yetişməsi və əsl vətəndaş kimi böyüməsinə çalışmaqdır. Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı ciddi işlər görülür, bu istiqamətdə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib. Hələ ötən il Avropa Şurası ilə birlikdə "Biz uşaqlara qarşı zorakılığa yox deyirik" adlı böyük tədbir keçirilib və uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlərin daha da sürətləndirilməsinə çağırış edilib. Azərbaycanda həm dövlət, həm də ailələr uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun "Uşaqlara qarşı zorakılıq" proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılır. Onun sözlərinə görə, bəzi problemlərin həlli dövlət səviyyəsindən asılı deyil: "Uşaqların hansı ailədə böyüməsi, tərbiyə alması çox vacib məsələlərdən biridir. Bu gün bəzi səbəblərdən dünyada boşanmaların sayı artdıqca, uşaqlarla valideynlər arasında problemlər çoxaldıqca, uşaqlara qarşı zorakılıq halları da artır. Təbii ki, uşaq vaxtı zorakılığa məruz qalan gələvəkdə qatil qatalacaq. Müasir zamanda həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Zorakılığa məruz qalan uşaqlar üçün kifayət qədər münbit mühitin olması, ailə, cəmiyyət münasibətlərinin kifayət qədər yekdil olması vacib məsələdir. Həm dövlət, həm də cəmiyyət səviyyəsində bu istiqamətdə müzakirələrin aparılmaı vacibdir. Mediada, elektron KİV-də yayımlanan bəzi proqramlar, verilişlər uşaqlar arasında zorakılıq hallarının çoxalmasına gətirib çıxarır. İnternet bəzi hallarda uşaqlar arasında zorakılıq hallarının çoxalmasına səbəb olur. Çox sevindirici bir məqamdır ki, bizdə uşaqlar həm dövlətin, həm də cəmiyyətin, valideynlərin, ailələrin qayğısı ilə əhatə olunub. Bir sözlə, uşaqlara qarşı diqqət-qayğı daim əsas məsələlərdən biri kimi gündəmdə olub".

Avropa Şurası (AŞ) baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos hər gün Avropada milyonlarla uşağın zorakılığa məruz qaldığını bildirib. Onun sözlərinə görə, uşaqlara qarşı zorakılıq halları arasında daha çox rast gəlinən və ciddi narahatçılıq doğuranı uşaqların cinsi zorakılığa məruz qalması hallarıdır: "Uşaqlara qarşı zorakılıq həm silahlı münaqişələr zamanı, həm də müxtəlif istiqamətlərdə baş verir. Bu gün uşaqlara qarşı cinsi istismar daha çox özünü göstərir. Zorakılığa qarşı mübarizə ilə bağlı regional və beynəlxalq sazişlərin olmasına baxmayaraq bu hallar hələ də mövcuddur".

Tədbirin davamında "Ümidli Gələcək" Gənclər Təşkilatının rəhbəri Nabil Seyidov, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard, millət vəkilləri Hadı Rəcəbli, Gülər Əhmədova, Səməd Seyidov və başqaları mövzu ətrafında fikirlərini bölüşüb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə