10-11 may 2012-ci il tarixində Ankara Universitetində təhsil sosiologiyasına həsr olunmuş "Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu" beynəlxalq elmi konfrans təşkil olunacaq. Bu barədə SİA-ya simpoziumda çıxış edəcək azərbaycanlı gənc alim, fəlsəfə doktoru Əhməd Şahidov məlumat verib. Məlumata əsasən, "Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu" kimi tarixə düşəcək bu beynəlxalq tədbirin əsas şüarı "Təhsil sosiologiyası nöqteyi-nəzərindən cəmiyyət və təhsil" adlanır. Bu simpoziumda dünyanın bir çox aparıcı sosioloq və təhsil işciləri, habelə alimləri iştirak edəcək.
Simpozium barədə məlumat verən gənc alim, fəlsəfə doktoru Əhməd Şahidov Ankarada keçiriləcək beynəlxalq tədbirə dəvət olunmasından məmnunluğunu bildirərək, dünyanın aparıcı alimləri ilə bir tədbirdə iştirak etməyin məsuliyyətli olduğunu qeyd edib. Onun söylədiyinə görə, Ankarada keçiriləcək bu beynəlxalq simpoziumda dünyanın dörd bir yanından gəlmiş tanınmış alimlər iştirak edəcək. Qeyd edək ki, simpoziumda Peter Mayo kimi dünya şöhrətli alim çıxış edəcək: "Bu insanı sadəcə canlı görmək mənim üçün fəxrdir" deyə o əlavə edib. Bundan başqa, ABŞ, Kanada, Almaniya, Hindistan, Türkiyə və MDB ölkələrindən də tanınmış alimlərin bu simpoziumda çıxışı gözlənilir. Azərbaycandan da bir çox alimlərin Ankarada keçiriləcək bu simpoziumda çıxış edəcəyini bildirən Əhməd Şahidov onlardan tanınmış akademik Səlahəddin Xəlilovun adını çəkib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov "Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu"nda Türk dünyasında təhsil sisteminin modernləşdirmə prosesində Şərq və Qərb metodları barədə danışacaq. Bundan əlavə, Milli Məclisin deputatı, psixologiya üzrə Fəlsəfə Doktoru Gülər Əhmədovanın "XXI əsrdə uşaq kültürü və uşaq haqları" adlı məruzə ilə çıxış edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB