Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

Maliyyə Nazirliyi aprelin 1-dək maliyyə hesabatlarını təqdim etməyən QHT-lərə xəbərdarlıq edib. Maliyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu barədə artıq Nazirlik Ədliyyə Nazirliyinə məlumat verib: "Hal-hazırda 2011-ci il üzrə illik maliyyə hesabatlarını təqdim etməyən yerli QHT-lərin və xarici QHT filial və nümayəndəliyinin nəzərinə çatdırırıq ki, göstərilən müddət ərzində illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etsinlər".

Qeyd edək ki, "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir.

Hesabat dövrü ərzində qeyri-hökumət təşkilatının maliyyə fəaliyyətinin olmaması onu maliyyə hesabatlarını təqdim etmək öhdəliyindən azad etmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə