Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi aksiyaya start verib

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi aksiyaya start verib

Aygün Əliyeva: "Şuşanın işğalı və erməni vandalizmi bütün dünyada sülhə ciddi təhlükədir"


Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi aksiyaya start verib. Aksiyanın keçirilməsinin məqsədləri barədə YAP GB-nin Mərkəzi Ofisinin rəhbəri Sərraf Hüseynov və GB-nin sədr müavini Aygün Əliyeva Səs TV-yə açıqlama verib.

Sərraf Hüseynov:

- YAP Gənclər Birliyi bu gün növbəti aksiyaya start verib. Aksiyanın əsas məqsədi Şuşa şəhərinin Ermənistan Ordusu tərəfindən işğalının 20 illiyi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara, həmçinin dünyanın bir çox ölkələrinin parlamentariləri və dövlət nümayəndələrinə müraciətlərin ünvanlanması ilə əlaqədardır. Gənclər Birliyində fəaliyyət göstərən hər bir gənc elektron poçt ünvanı vasitəsilə dünya ölkələrinə bu müraciəti göndərə bilər. Burada əsasən Almaniya Bundesliqasına, Fransa Senatına, həmçinin ABŞ senatorlarına müraciətlər ünvanlanacaq. Artıq həmin müraciətlərin ünvanlanması üçün elektron poçt ünvanlarını da əldə etmişik. Bu üsulla öz həqiqətlərimizin dünyaya çatdırılmasına nail olacağımızı düşünürük. Bununla yanaşı, onu da qeyd edim ki, hər həftənin şənbə günü Yeni Azərbaycan Partiyasının Mərkəzi Ofisində keçiriləcək mühazirə kurslarına da başlamışıq. Elə bu gün də ilk mühazirəmiz keçirildi. Aksiyanın bu mühazirədən sonra keçirilməsinin də xüsusi önəmi vardı. Belə ki, biz ilk mühazirəmizi beynəlxalq təşkilatlar mövzusuna həsr etdik. Məqsədimiz gənclərin beynəlxalq təşkilatların bu məsələlərdəki önəmini daha dərindən dərk etmələri idi. Belə olduqda aksiyaya qoşulan gənclər daha da fəal iştirak nümayiş etdirəcəklər. Çünki artıq onlar bu müraciətlərin ünvanlanmasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini bilmiş oldular".


Aygün Əliyeva:

- Yeni Azərbaycan Partiyası bu gün çox əhəmiyyətli bir layihəyə start verdi. Əslində bu cür layihələr Gənclər Birliyində ənənəvi hal alıb. Siz bilirsiniz ki, Xocalı soyqırımı ilə bağlı da Gənclər Birliyi böyük elektron aksiyaya başlamışdı və bu aksiya özünün müsbət nəticələrini bu gün də göstərməkdədir. Lakin soyqırımı ilə bağlı biz yalnız Fransa Senatına məktub ünvanlamışdıq. Bu dəfə Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar başlanan aksiyada təbliğat əhatəmizi genişləndiririk. Bu dəfəki elektron aksiyada bir sıra beynəlxalq təşkilatlara, parlament nümayəndələrinə müraciət ünvanlanacaq. Hər hansı bir formada bu təbliğat mexanizminin bir hissəsi olmaq biz gənclər üçün qürur hissidir. Çünki haqlı olduğumuza əminik və bilirik ki, tarixi faktlar da, beynəlxalq hüquqi normalar da bizim tərəfimizdədir. Sadəcə, Gənclər Birliyi adından biz öz missiyamızı yerinə yetirməyə çalışırıq. Bu gün Şuşa ərazisi erməni vandalizminin qurbanına çevrilib. Ermənilər Şuşa ərazisindən qeyri-qanuni ticarət obyekti kimi istifadə edir narkotik maddələrin alqı-satqısı ilə məşğul olurlar. Bu ölkə kimi yalnız bizim problemimiz deyil. Şuşanın işğalı və erməni vandalizmi bütün dünyada sülhə ciddi təhlükədir. Ona görə də biz beynəlxalq hüquqdan, xüsusilə də Avropa ölkələrinin siyasətçilərindən kömək istəyirik. Düşünürəm ki, bu elektron aksiya məqsədimizə çatmağımız üçün bizə ciddi kömək olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə