Millət vəkili Aqiyə Naxçıvanlı Oğuzda seçicilərlə görüşüb

Millət vəkili Aqiyə Naxçıvanlı Oğuzda seçicilərlə görüşüb

Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların müraciətlərini dinləyib


Ölkənin sosial-iqtisadi göstəricilərinin dinamik artımı bölgələrin simasının sürətlə dəyişməsinə, təsərrüfat həyatının müxtəlif sahələrində mühüm nailiyyətlərin əldə edilməsinə stimul yaradır. Füsunkar təbiəti, fədakar insanları ilə ölkəmizin iqtisadi həyatında özünəməxsus yer tunan Oğuz rayonunda da yüksək göstəricilər əldə edilməkdədir.

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı aprelin 23-də Oğuz rayonunda "2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş Şura iclasında iştirak edib.

Aqiyə Naxçıvanlı məruzəsini bilavasitə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırdığı məsələlər üzərində qurmuşdur. O qısa müddət ərzində Oğuzda aparılan işləri yüksək qiymətləndirib, 2012-ci ilin rayon üçün uğurlu bir il olacağına əminliyini bildirib.

Qeyd edib ki, rayonda əldə edilən nailiyyətlər perspektivə nikbin baxmağa əsas verir. Məruzəsində konkret faktlardan nümunə gətirən A.Naxçıvanlı rayonun sosial infrastrukturunun yeniləşdirilməsi istiqamətindəki işlərin vüsət almasını qeyd edib. Deputat çıxışında Oğuzda süni qiymət artımına gətirə biləcək halların vaxtında aşkarlanması və qarşısının alınması, ərzaq təhlükəsizliyi, turizmin inkişaf etdirilməsi, elektron xidmətlər və bu xidmətlərdən faydalanma, sahibkarlara kredit dəstəyi və mənbələri, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün aqroservis müəssisəsinin bazasının gücləndirilməsi və səmərəli istifadəsi məsələlərinə geniş yer vermiş, rayonda iqtisadi uğurların əldə edilməsi üçün ölkə başçısının çıxışında qeyd etdiyi məqamları əsas tutmağı, verilən tapşırıq və tövsiyələrə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb. Əmin olduğunu bildirib ki, oğuzlular bundan sonra da ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların ön cərgəsində olacaqlar.

Tədbir başa çatdıqdan sonra A.Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatın qəbul otağına gələrək seçiciləri ilə görüş keçirib. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edib, digərlərinin həlli üçün müvafiq tapşırıqlarını verib.

Səyavuş Hidayətov

Bütün xəbərlər Facebook səhifəmizdə