Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu günlərdə \"Şimal regionunda erkən nigah problemlərinin araşdırılması və maarifləndirici treyninqlərin keçirilməsi\" layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi erkən nigahların qarşısını almaq yollarını araşdırmaq, ailə institutunu möhkəmləndirmək, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdə nüfuzunun qaldırılmasına yönəltməkdir.
"Qadın və Uşaqların Sosial İnkişafı" İctimai Birliyinin sədri Tünzalə Cavadovanın SİA-ya verdiyi məlumata görə, layihənin əsas vəzifəsi ictimaiyyət arasında erkən nigah probleminin araşdırılması ilə bağlı yaradılan işçi qrupunun "qaynar xətt" xidmətini yaratmaq, məktəblərdə valideyn və müəllimlər arasında maarifləndirici treyninqlər keçirməkdir. O həmçinin bildirib ki, layihənin təsir dairəsinə və layihədə qoyulan problemlərə maraq göstərən, Xaçmaz rayon sakinləri hədəf benefisiarlar kimi Xaçmaz rayonunda keçiriləcək treyninqlərə cəlb olunacaqlar.
Qeyd edək ki, layihə 5 iyul 2012-ci il müddətinədək həyata keçiriləcək. Layihənin icra müddətində Xaçmaz Rayon İcra Hakimiyyəti və onun qəsəbələrdəki nümayəndəlikləri, rayon Təhsil Şöbəsi və digər qurumlarla əməkdaşlıq olunacaq.
Məlumat üçün bildirək ki, "Qadın və Uşaqların Sosial İnkişafı" İctimai Birliyi qadın və uşaqların hüquq və azadlıqlarını, sosial problemlərinin həllini dəstəkləyən qeyri-hökumət təşkilatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB