İşəgötürənlər 103 700 manat məbləğində cərimə olunub

İşəgötürənlər 103 700 manat məbləğində cərimə olunub

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2012-ci ilin I rübündə 1412 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunan 4197 qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. SİA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. O bildirib ki, 156 623 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 140 322 manat gecikdirilmiş əmək haqqının işçilərə ödətdirilməsi, işdən qeyri-qanuni şəkildə azad edilmiş 7 nəfərin əvvəlki işinə bərpa olunması, qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan 506 nəfərlə işəgötürən arasında əmək müqavilələrinin bağlanılması təmin edilib.

"İşəgötürənlərə ümumilikdə 103 700 manat məbləğində cərimə tətbiq olunub. Qeyd olunan müddətdə istehsalatda 41 bədbəxt hadisə qeydə alınıb və həmin hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə tikinti sektorunda baş verən bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı azalaraq 3 nəfər təşkil edib".

Bütün xəbərlər Facebook səhifəmizdə