Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOSESSİYA

Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOSESSİYA

Aprelin 26-da Vaşinqtonda "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransı işinə başlayıb. SİA-ya tədbirdə iştirak edən nümayəndə heyətindən verilən xəbərə görə, mərasimi Oklahoma ştatının keçmiş dövlət katibi Syuzen Savic açaraq, konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan bəhs edib.

Milli Məclisi Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-la Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd edib ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir. Missisipi ştatından olan senator Rocer Uiker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd etmiş, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov konfransda Amerikanın yüksək səviyyəli ictimai və siyasi xadimlərinin iştirak etdiyini bildirib və onlara təşəkkür edib. ABŞ-la Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu deyən səfir bu oxşarlıqlar sırasında tolerantlığı xüsusi vurğulayıb. O, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini qeyd edib, irəlidə daha böyük işlərin olduğunu vurğulayıb. Tennessi ştatından seçilmiş konqresmen Stiv Koen Azərbaycanın yerləşdiyi bölgənin əhəmiyyətindən danışaraq bu mürəkkəb bölgədə ABŞ-ın mühüm müttəfiqinə çevrildiyini söyləyib. Luizianadan olan konqresmen Bill Kəssidi beynəlxalq təhlükəsizliyin əsası təşkil edən enerji təhlükəsizliyi üzərində xüsusi dayanaraq, Azərbaycanın bu baxımdan geostrateji önəm kəsb etdiyini bildirib.

ABŞ-Azərbaycan diplomatik əlaqələri tarixinin, Azərbaycanın müstəqillik uğrunda mübarizə yolu və bu yolda üzləşdiyi çətinliklərin, ölkənin son dövrdə əldə etdiyi iqtisadi nailiyyətlərin əks olunduğu film konfrans iştirakçılarına təqdim edilib.

Konqresmen Ted Po bu tədbirdə iştirakdan məmnunluğunu bildirmiş və təmsil etdiyi Texas ştatının da Azərbaycan kimi böyük neft tarixinə malik olduğunu nəzərə çatdırıb. Azərbaycanın 20-ci əsrin əvvəllərində bölgəyə siyasi və iqtisadi azadlıqlar gətirdiyini qeyd edən konqresmen Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə yolundan danışıb, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinin bərpa olunduğunu xatırladaraq, həmin dövrdən ABŞ-la siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdırıb, Azərbaycanı öz enerji resurslarından düzgün və səmərəli istifadə edən az sayda ölkələrdən biri kimi səciyyələndirib. O, Azərbaycanın ABŞ-la dost olduğunu sözdə deyil, əməldə sübut etdiyini vurğulayaraq, bunun özünü beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıqda əyani şəkildə göstərdiyini bildirib.

Sonra konfransın işi sessiyalarda davam etdirilib. "ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri" adlanan birinci sessiyada moderatorluğu Almaniyanın Marşal Fondunun rəhbəri Coşua Uoker edib. Sessiyada ABŞ Administrasiyasını təmsil edən Dövlət katibi köməkçisinin müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışıb, gələcək əməkdaşlıqla bağlı böyük gözləntilər olduğunu söyləyib. Atlantik Şurasının Dinu Patrisiu Avrasiya Mərkəzinin direktoru Ros Uilson Azərbaycanda ABŞ-ın səfiri vəzifəsində çalışdığı dövrdə Amerikanın Azərbaycanla bağlı həyata keçirdiyi humanitar proqramları xatırladıb, eyni zamanda 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-a verdiyi dəstəkdən geniş söz açıb, bu dəstəyin mürəkkəb beynəlxalq münasibətlər dövründə əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev iki ölkə arasında diplomatik münasibətlərin ilkin dövrlərdə çətinliklərlə müşaiyət olunduğundan bəhs edib, lakin ikitərəfli münasibətlərin bugünkü yüksək səviyyəyə çatacağına daim inandığını dilə gətirib. Azərbaycanın iqtisadi uğurlarından söz açan Hafiz Paşayev artıq xarici ölkələrdə sərmayə proqramları həyata keçirən dövlət durumuna gəldiyini məmnunluqla qeyd edib. İraq və Əfqanıstandakı əməliyyatlar zamanı Azərbaycanın ABŞ-a böyük dəstək verdiyini söyləyən H.Paşayev təhlükəsizlik sahəsində iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. Ölkənin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurlardan bəhs edən diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqlənməsi kimi qiymətləndirib. ABŞ-la Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını deyən H.Paşayev bunun ABŞ-dakı erməni lobbisinin təsirinin xeyli azaltdığını da sözlərinə əlavə edib. Azərbaycan Diplomatiya Akademiyasının fəaliyyəti haqda məlumat verən H.Paşayev bu ali təhsil ocağının ABŞ-dan olan çox sayda professor və müəllimlərlə əməkdaşlığını qeyd edib.

Milli Təhlükəsizlik Şurasının direktoru və Dövlət Katibi köməkçisinin keçmiş müavini Devid Merkel öz çıxışında ABŞ-la Azərbaycan arasındakı əlaqələrə kölgə salan 907-ci düzəliş barədə söz açaraq həmin layihənin qəbul edildiyi dövrdə Amerika konqresmenlərinin Azərbaycanın yerləşdiyi bölgə haqqında məlumatlarının "utancverici" olduğunu qeyd edib. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Merkel ATƏT-in Minsk qrupunun fəaliyyətində səmərəliliyin artırılmasının və münaqişənin həllinin sürətləndirilməsinin vacib olduğunu bildirib.

Heritage Fondunun Rusiya və Avrasiya Tədqiqatları və Beynəlxalq Enerji Siyasəti üzrə baş tədqiqatçısı Ariel Koen Azərbaycanın ötən 20 ildə möhtəşəm uğurlar əldə etdiyini söyləyib, son illərdə ümumi daxili məhsulun 3 dəfə artmasını xüsusi qeyd edərək bunu "inanılmaz nailiyyət" adlandırıb. Azərbaycanın İraq və Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını vurğulayan Koen Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın Azərbaycana dəstəyinin vacibliyini qeyd edib. Bölgəyə digər böyük güclərin ciddi maraq göstərdiyini deyən Koen Azərbaycanın regionun ən vacib dövləti olduğu nəzərə alınaraq ABŞ-ın bu ölkəyə diqqətinin artırılması zərurətinı bildirib. Enerji nəqli layihələrinin uğurla həyata keçirildiyini deyən Ariel Koen həmin layihələrin davamı olaraq Transanadolu və Mərkəzi Asiya enerji resurslarının Qərbə nəqli layihələrinin əhəmiyyətindən söz açıb. Eyni zamanda əmin olduğunu bildirib ki, Azərbaycanın iqtisadi nailiyyətləri yaxın gələcəkdə onun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmasını mümkün edir.

Nyu-Yorkdan olan konqresmen Qreqori Miks Azərbaycanın uğurlarının səbəblərini anlamaq üçün bu ölkəyə səfər etməyin vacib olduğunu deyib. Arizonalı konqresmen Trent Frenks də təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından geniş bəhs edib. Konqresmen Qreq Harper təmsil etdiyi Missisipi ştatı ilə Azərbaycan arasında olan oxşarlıqlardan bəhs edərək enerji layihələri üzərində xüsusi olaraq dayanıb. Bu layihələrin yeni iş yerləri açdığını və qlobal enerji təhlükəsizliyinə töhfələr verdiyini bildirən konqresmen Azərbaycanın təkcə regionun deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir göstərdiyini deyib.

Sonra konfrans iştirakçılarının sessiya məruzəçilərinə sualları cavablandırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə