“Yaşıl” iqtisadiyyatda təhlükəsiz və sağlam əməyin təşviqi” mövzusunda konfrans keçirilib-FOTO
28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Yaşıl" iqtisadiyyatda təhlükəsiz və sağlam əməyin təşviqi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinün nümayəndələri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məhəmməd Musayev, Aİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin, Aİ-nın Tvinninq layihəsinin məsul şəxsləri, beynəlxalq ekspertlər və digərləri iştirak edib.
Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, Prezident İlham Əliyevin düzgün düşünülən və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti sayəsində dayanıqlı iqtisadi tərəqqi tempinə nail olunub. O, Azərbaycanda işçi hüquqlarının etibarlı müdafiəsi və layiqli əməyin təminatı mexanizminin təkmilləşdirilməsinin diqqət mərkəzində olduğunu vurğulayıb.
"Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 339 mln. bədbəxt hadisə baş verir, 160 mln. nəfər peşə xəstəliyinə tutulur, bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində hər il təxminən 2.3 mln. nəfər həlak olur. Baş verən hadisələr nəticəsində dünya iqtisadiyyatı hər il 1.25 trilyon ABŞ dolları, başqa sözlə, ÜDM-in 4%-i həcmində itkiyə məruz qalır. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, istehsalatda müasir texnologiyaların tətbiqi, çoxsaylı yeni iş yerlərinin yaranması öz növbəsində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, işçilərin əmək hüquqlarının qorunmasına diqqətin artırılması ilə müşayiət olunur", - deyə o əlavə edib.
Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin, Aİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın, plenar iclasda Aİ-nın Tvinninq layihəsinin rezident müşaviri Karl Kuhnun, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyevin, ayrı-ayrı müəssisələrin əməyin mühafizəsinə məsul şəxslərinin çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Tədbirdə Avropa İttifaqının "Azərbaycan Respublikasında təhlükəsiz və sağlam əmək şəraitinin təkmilləşdirilməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək" Tvinninq layihəsi üzrə sosial tərəfdaşların nümayəndələri və əmək müfəttişləri üçün cari ilin yanvar-fevral aylarında keçirilmiş "Təlimçilərin təlimi" adlı ikimərhələli təlim kursunu uğurla başa vuran 20 nəfər müdavimə sertifikatlar təqdim olunub.
Konfransın sonunda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırlanan, idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı yoxlanılan norma və qaydalar barədə ətraflı məlumat verən "Əmək qanunvericiliyi: norma və qaydalar" metodik vəsaiti işəgötürənlərə paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB