Qarabağın işğal olunmamış ərazilərinə xüsusi ekspedisiyalar təşkil ediləcək

Qarabağın işğal olunmamış ərazilərinə xüsusi ekspedisiyalar təşkil ediləcək
"Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu Qarabağın işğal olunmamış ərazilərinə xüsusi ekspedisiyalar təşkil edəcək". Bunu SİA-ya açıqlamasında Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib. Onun sözlərinə görə, Qarabağa bir neçə folklorşünas ezamiyyətə göndəriləcək. İlk olaraq bu səfər Tərtər rayonundan başlanılıb ki, burada da əsas məqsəd Qarabağın folkloru və etnoqrafiyası ilə bağlı yeni araşdırmalar aparmaqdır: "Toplanılacaq materiallar əsasında Qarabağla bağlı ən azı 3 Folklor Antologiyası nəşr ediləcək. Həmin materiallar əsasında bu il Qarabağın folkloru və etnoqrafiyası ilə əlaqədar böyük konfransın keçiriləcəyi də nəzərdə tutulur".

Muxtar İmanov onu da qeyd edib ki, Qarabağın təkcə sözlü folkloru yox, həm də musiqi folkloru da öyrəniləcək: "Nəzərdə tutmuşuq ki, aparılan araşdırmaların nəticəsi olaraq Qarabağın xüsusi musiqi albomunu buraxaq. İlk dəfə belə bir albom Azərbaycan aşıq musiqisi ilə əlaqədar buraxılıb. Qarabağın həm muğam sənəti, həm aşıq musiqisi, həm mərasim folklorunun musiqi tərəfi ilə əlaqədar materiallar toplanacaq. Qarabağla bağlı folklor nümunələrinin həm toplanılması, həm sistemləşdirilməsi, nəşri və onların araşdırılması işləri həyata keçiriləcək".

Folklorşünas alim toplanılacaq bu materialların Qarabağa erməni iddialarına tutarlı cavab olacağını düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə