Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) idarə heyəti mətbuat konfransı keçirib. SİA-nın məlumatına əsasən, konfransın keçirilməsində əsas məqsəd DAK-ın 12-ci qurultayında seçilmiş yeni idarə heyətinin açıqlanması və qurultayda aparılmış müzakirələrlə bağlı mətbuat nümayəndələrini məlumatlandırmaq olub.
Konfransda çıxış edən DAK-ın idarə heyətinin rəhbəri Sabir Rüstəmxanlı Ukraynanın Donetsk şəhərində keçirilən qurultayda seçilmiş 19 nəfərdən ibarət yeni idarə heyətinin adlarını açıqlayıb. Onlar arasında Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, " Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər DAK-çılar olub.
DAK-ın sədri Sabir Rüstəmxanlı qurumun qarşısında duran əsas vəzifələrdən danışaraq bildirib ki, konqresin fəaliyyəti 3 əsas məsələnin həll olunmasına yönəlib. Onun sözlərinə görə. bunlar Güney azərbaycanlılarının insan haqqları və onların qorunması, Qarabağ məsələsi və diasporun təşkilatlanmasıdır.
Konfransda həmçinin qeyd olunub ki, Donetsk şəhərində keçirilən qurultayda təsis olnmuş DAK-ın Məşvərət Məclisinə dünyanın 30-a yaxın ölkəsindən 50 nəfər nümayəndə seçilib. Güney Azərbaycan milli oyanış Hərəkatının sədri Mahmudəli Çöhrəqanlı isə DAK Məşvərət Məçlisinin sədri seçilib.
Mətbuat konfransına internet vasitəsi ilə qoşulan M. Çöhrəqanlı yaxın həftələrdə Azərbaycanda olacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, İran vətəndaşı olan Mahmudəli Çöhrəqanlı hazırda ABŞ-da mühacirətdədir.
Aytəkin Şirinova, Mənzər Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB