Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda "Narkomaniyadan özümüzü qoruyaq" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd prezident İlham Əliyevin 28 iyun 2007-ci il tarixli, 2271 saylı Sərəncamı ilə təstiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı(2007-2012)"nın yerinə yetirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürlərin formalaşdırılması və QİÇS-lə profilaktikası sahəsində tədbirlərin səmərəliliyinin artırılması olub.
Qeyd edək ki, tədbirin açılışında çıxış edən baş idarənin rəisi Raqif Abbasov Prezidentin sərəncamına uyğun olaraq Bakının 11 rayonunda, orta məktəblərində, hərbi hissələrində və bir çox yerlərdə narkomaniya ilə mübarizə aparıldığını konfrans iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin Raqif Abbasov qeyd edib ki, aprelin 25-dən başlayaraq Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə orta məktəblərdə narkomaniyaya qarşı mütəmadi işlərə start verilib. Onun sözlərinə görə, narkotiklərlə mübarizədə təkcə dövlət orqanları deyil, vətəndaşlar da dəstək olmalıdır.
Bundan sonra çıxış edən Səhiyyə Nazirliyinin əməkdaşı Səbinə Babazadə vurğulayıb ki, narkotik gənclərin bəlasıdır və HİV-ə ən tez yoluxduran pis vərdişdir: \"Bu gün artıq gənclər məlumatlandırılır. İlk növbədə tütünlə mübarizə aparılmalıdır. Bu gələcək problemlərin də qarşısını alacaq\".
Sonda tədbirdə narkomaniya ilə bağlı gənclərin fikirləri dinlənilib və bir sıra qərarlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB