İşgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji seminar keçirilir
Bu gün Bakıda saxlama yerlərinin monitorinqi və milli preventiv mexanizm (MPM) çərçivəsində işgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji seminar başlayıb. SİA-nın məlumatına görə, ATƏT-in Bakı ofisi və Azərbaycan Ombudsman Aparatının təşkil etdiyi iki günlük seminarda 40 nəfərdən artıq iştirakçı Azərbaycanda MPM-in icrasına cəlb olunmuş əməkdaşların monitorinq və hesabatların hazırlanması üzrə təcrübələrini bölüşəcəklər.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Targay bildirib ki, Azərbaycanın milli preventiv mexanizmi ölkədə işgəncə hallarının və pis rəftarın digər formalarının qarşısının alınmasında vacib rol oynayır: \"Buna görə də mən ümid edirəm ki, bu təlim azadlıqdan məhrum olmuş insanların hüquqlarının lazımi müdafiəsini təmin etmək üçün göstərilən səyləri daha da gücləndiriləcək".
Seminarda yerli və beynəlxalq ekspertlər Azərbaycan MPM-in nümayəndələri ilə birlikdə işgəncənin qarşısının alınmasının nəzəri və praktiki tərəflərini, pis rəftarın qarşısının alınması və qadağasına dair beynəlxalq və regional standartları, monitorinqin növləri, MPM-in üzə çıxardığı hallara dair hesabatın verilməsini, eləcə də saxlanılan şəxslərə müsahibə texnikalarını müzakirə edəcək.
Bu seminar Azərbaycanın ATƏT-ə üzv olmasının 20 illiyi münasibətilə qurumun Bakı ofisinin silsilə tədbirləri çərçivəsində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB