Bu gün yazıçı, ədəbiyyatşünas, əməkdar elm xadimi Azərbaycan ədəbiyyatında, elmində misilsiz xidmətləri olmuş Mir Cəlal Paşayevin doğum günüdür. O, 1908-ci ildə Ərdəbildə anadan olub. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. 1918-ci ildə atası vəfat etdikdən sonra böyük qardaşının himayəsində yaşayan ədib 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub (1924–28). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib (1926–1927).
Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.
1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olub(1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərib. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olub(1961-ci ildən).
XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" ... hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub.
Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazıb: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstəribr".
İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilib. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.
Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. "Seçilmiş əsərləri" (2 cilddə, 1956-57), "Seçilmiş əsərləri" (4 cilddə, 1967-68), "Seçilmiş əsərləri" (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət "Şəfəqdən qalxanlar" (1972), "Dağlar dilə gəldi" (1978), "Ləyaqət", hekayələrdən ibarət "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Vətən" (1944), "Həyat hekayələri" (1945), "Sadə hekayələr" (1955), "Xatirə hekayələri" (1962), "Gülbəsləyən qız" (1965), "Silah qardaşları" (1974) və s. bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB