Böyük Britaniyanın "Diplomat" jurnalının ənənəvi illik mükafatlandırma mərasimi keçirilib. SİA-nın azertac.com saytına istinadən verdiyi məlumata görə, səfir Fəxrəddin Qurbanov "Avrasiya" kateqoriyası üzrə "İlin diplomatı" mükafatına layiq görülüb.
"Diplomat" jurnalının naşiri Hüqo van Kuffeler azərbaycanlı diplomata mükafatı təqdim edərkən vurğulayıb ki, ötən illər ərzində Azərbaycanın beynəlxalq arenada diplomatik uğurları artıb. Bu ilin mayında "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycan cari ilin əvvəlindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamış və beynəlxalq məsələlərin həllində rolunu artırıb.
"Bu il həm də Azərbaycan-Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunur və bu müddət ərzində iki dövlət arasında əlaqələr gündən-günə genişlənir", - deyən H.van Kuffeler qeyd edib ki, səfir F.Qurbanov ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə və Azərbaycan haqqında həqiqətlərin Böyük Britaniyada yayılmasına böyük töhfə verib. Bu mükafat səfirə ölkəsini Böyük Britaniyada layiqincə təmsil etdiyinə görə verilir.
Bu yüksək mükafata layiq görülməsini onun üçün böyük şərəf olduğunu deyən F.Qurbanov münsiflər heyətinə minnətdarlığını bildirib. Ölkəmizin son illər əldə etdiyi nailiyyətlərdən danışan diplomat özünün bu mükafata layiq görülməsinin Azərbaycan diplomatiyasının uğurlarına verilən qiymət olduğunu vurğulayıb.
Azərbaycan səfiri ilə yanaşı, 11 ölkənin diplomatları da mükafata layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB